AMB sədri Mario Draqi danışmaya da bilərdi

27 İyul 2018

Avropa Mərkəzi Bank sədrinin iqtisadiyyat və inflyasiyanın dayanıqlı inkişafı ilə bağlı fikirləri avronun bahalaşmasına təsir edə bilməyib.

AMB sədri Mario Draqi danışmaya da bilərdi

Avropa Mərkəzi Bankı (AMB) yumşaq monetar siyasətindən çıxmaq siyasətinə davam edir. Cümə axşamı bank sədri Mario Draqi pul-kredit siyasətində dəyişikliyin olmadığını bildirib. Bununla da iyun ayında verilən qərar bir daha öz təsidiqini tapdı. Maliyyə bazarları iştirakçıları isə təəccüblənməyiblər. 


"QE" proqramı dayandırılır, lakin ilk faiz artımınn vaxtı bilinmir. 

AMB-nin cümə axşamı bitən toplantısı fonunda verdiyi açıqlamada, istiqraz alışı proqramının 2018-ci ilin sonuna kimi dayandırılacağı göstərilib. Faiz artımında isə bank tələsmək niyyətində deyil və uçot faiz dərəcəsinin 2019-ci ilin yay aylarına kimi cari səviyyədə qalacağını planlaşdırır. Beləliklə, cümə axşamı da uçot faiz dərəcəsi sıfır faiz səviyyəsində saxlanılıb. 


Xarici ticarət riskləri aktuallığını qoruyur. 

Açıqlamalardan sonra Bakı vaxtı ilə saat 16:30-da baş tutan mətbuat konfransında danışan bank sədri Mario Draqi, iqtisadi inkişaf və inflyasiya ilə bağlı nikbin mövqe sərgiləyib. İqtisadi inkişaf dayanıqlı səviyyədədir. İlin əvvəlində müşahidə edilən iqtisadi yavaşlama isə ticarətin zəifləməsi və qeyri-müəyyənliyin artması ilə əlaqədardır. Ən böyük təhdid kimi proteksionizm vurğulanıb. Digər tərəfdən ABŞ ilə Avropa Birliyi arasında gərginləşən ticarən münasibətləri fonunda sonuncu yaxınlaşma "müsbət işarə" kimi qiymətləndirilib. Lakin əldə olunan razılaşmanın detalları isə qeyri-müəyyən olaraq qalır. 


AMB-nin iqtisadiyyata dəstək imkanları tükənmək üzrə. 

İyun ayında AMB istiqraz alışı proqramının aylıq həcminin sentyabr ayından etibarən 30 milyard avrodan 15 milyard avroya kimi azaldılması qərarını açıqlamışdı. Bundan sonra ilin sonuna doğru proqramın tamamilə dayandırılması planlaşdırılır. Bu qərar isə cümə axşamı bir daha vurğulanaraq, möhkəmləndirildi.


AMB sədri Mario Draqi danışmaya da bilərdi. 

Maliyyə bazarlarında AMB-nin qərarı və açıqlamaları avronun 1.1637$-a kimi ucuzlaşmasına təsir edib. Avropada siyasi və iqtisadi problemlərin olduğu bir vaxtda AMB-nin bügünkü mövqeyi və çıxışı ciddi qəbul edilməyə bilər. AMB Avropanı iqtisadi böhrandan çıxartmaq üçün səlahiyyətləri daxilində bütün imkanlardan istifadə edərək, maliyyə dəstəyini verdi və artıq imkanlarının tükəndiyi müşahidə edilir. Bundan sonra isə siyasi olaraq ayrı-ayrı hökümətlər tərəfindən islahatlar sürətləndirilməlidir ki, iqtisadiyyatda inkişaf yenidən güclənsin. Lakin burada da müəyyən ləngimələrin və ciddi maliyyə təşkilatlarının  hesabatlarında gözləntilərin daha da zəiflədiyinin şahidi oluruq. Belə bir vəziyyətdə bank sədrinin iqtisadiyyat və inflyasiyanın dayanıqlı inkişafı ilə bağlı fikirləri avronun bahalaşmasına təsir edə bilməyib. 


Son zamanlar ABŞ kimi ölkələrdən gələn xarici təhdidlər isə vəziyyəti daha da çətinləşdirir və avronun daha da ucuzlaşa biləcəyinə işarədir. ABŞ prezidenti ilə AB-nin komissiya sədri Yunker arasında əldə edilən razılaşma, bazarlarda avronun sadəcə 100 punkta kimi bahalaşmasına səbəb olmuşdusa, Mario Draqinin razılaşmanın detallarının qeyri-müəyyən oluğunu bildirməsi, bu artımı tez bir zamanda geri qaytardı. 


Beləliklə, bütün bunları nəzərə alaraq, avronun bahalaşması üçün ciddi fundamental əsasların olmadığı görünür və digər tərəfdən isə güclü dolların təzyiqi aktual olaraq qalır.