AMB sədrliyinə yeni namizəd: Faizlər artırılmalıdır

26 Mart 2018

Maliyyə bazarlarında AMB-nin yeni sədri kimi müzakirə edilən Almaniya Bankının sədri Vaydman, Avrozonada tez bir zamanda faiz artımının tərəfdarıdır.

AMB sədrliyinə yeni namizəd: Faizlər artırılmalıdır

Almaniya Mərkəzi Bankının (alm.: "Bundesbank") sədri Yens Vaydman Avropa Mərkəzi Bankının (AMB) sıfır faiz siyasətinin sonu ilə bağlı ümidləri daha da artırıb. Bazar ertəsi Vyanada çıxışı zamanı Vaydman bildirib ki, maliyyə bazarlarında 2019-ci ilin ortalarında ilk faiz artımı üzrə gözləntilər reallığa yaxındır. 


Bununla yanaşı, "Bundesbank"-ın sədri monetar siyasətin normallaşması istiqamətində istiqraz alışı proqramının dayandırılmasının ilk addım olacağını əlavə edib. "Bundan sonra isə maliyyə bazarlarında ləngimələrin yaranmaması üçün faiz artımı ilə bağlı tədbirlərə tez bir zamanda başlamaq lazımdır. Bu da gələcəkdə pul siyasəti üçün geniş imkanlar yaradır. Belə ki, gələcəkdə hər hansı iqtisadi böhrana qarşı - cari inkişaf ömürlük deyil - imkanlar əldə etmiş oluruq", deyə sədr vurğulayıb. 


Sonuncu məlumatlara əsasən, AMB aylıq həcmi 30 milyard avro olan istiqraz alışı proqramını sentyabr ayının sonuna kimi davam etdirmək istəyir. Lakin inflyasiyanın gözləntilərə uyğun artmaması, proqram müddətinin daha da uzadılmasına səbəb ola bilər. 


Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında AMB sədrliyinə növbəti namizəd kimi Yens Vaydmanın gələcəyi gözlənilir. Mario Draqinin səlahiyyət müddəti isə 2019-ci ilin payızında bitir.