AMB toplantı protokolu yayımlandı, avro bahalaşdı

11 Yanvar 2018

Avropa Mərkəzi Bankı gələcək pul siyasəti ilə bağlı rəsmi ifadələrində dəyişiklik edəcəyini açıqlayıb.

AMB toplantı protokolu yayımlandı, avro bahalaşdı

Avropa Mərkəzi Bankının (AMB) dekabr ayının 12-14-ü aralığında baş tutan faiz qərarı toplantısında, ictimaiyyətə açıqlamalarda zamanla dəyişikliyə getməyin önəmliliyi dəstəklənib. Burada söhbət iqtisadi inkişafın davamı və inflyasiyanın 2%-lik hədəfə yaxınlaşması şəraitindən gedir. Bu haqda məlumat cümə günü AMB-nin toplantı protokolunda verilir. 

AMB gələcək pul siyasəti ilə bağlı ifadələrində dəyişikliyə 2018-ci ilin başlanğıc müddətində də başlaya bilər. Lakin protokolda bunun yumşaq monetar siyasətin dayandırılması kimi də qiymətləndirilməməsi vurğulanıb. 

Protokolun yayımlanması isə beynəlxalq birjalarda bankın sərtləşdirmə siyasətinə başlaması gözləntilərinin artmasına səbəb olmaqla bərabər, avronun da 1.2035$-a kimi güclü artımına təsir edib. 

Qeyd etmək lazımdır ki, AMB sonuncu toplantısında siyasətində dəyişiklik etməyib. Bundan öncə isə bank oktyabr ayında istiqraz alışı proqramının müddətini 2018-ci ilin sentyabr ayına kimi doqquz ay uzatmışdı və yanvar ayında aylıq həcm 30 milyarda kimi azaldılmışdı. Proqram müddətinin bundan əlavə artırılacağı isə bilinmir.