Amerika iqtisadiyyatında durğunluq

06 Aprel 2018

Son aylar ABŞ-ın əmək bazarı ilə bağlı açıqlanan qarışıq göstəricilər, mart ayında özünün mənfi tərəfindən göstərib, dolların qiyməti diqqət mərkəzində.

Amerika iqtisadiyyatında durğunluq

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə mart ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 103 000 nəfər artıb və işsizlik 4.1% səviyyəsində qərarlaşıb. Əmək haqlarında artım dinamikası isə mart ayında 0.1%-dən 0.3%-ə yüksəlib. Əmək haqlarının artım dinamikasında analitiklərin gözləntilərini doğrultsa da, işləyənlərlə bağlı proqnozlar özünü doğrultmayıb. Belə ki, mütəxəssislər "NFP" üzrə 193 000 nəfər və işsizlik səviyyəsinin 4.0%-ə yüksələcəyini ehtimal edirdilər. 


Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün önəmli göstəricidir. 


İşsizlik səviyyəsinin artıq beşinci aydır ard-arda 4.1% açıqlanması, burada dayanıqlı inkişafa işarə olsa da, digər tərəfdən 4.0%-ə kimi düşəcəyi ilə bağlı proqnozlar son iki aydır özünü doğrultmur. Əmək haqlarında artım göstəricisinin isə gözlənilən olması və burada güclü dinamikadan xəbər vermir. Bununla yanaşı, məşğulların sayında artım dinamikası daha sürətlə zəifləyib. Bütün bunlar qlobal iqtisadiyyatda durğunluğa işarə ola bilər. Nəzərə almaq lazımdır ki, ABŞ dünya iqtisadiyyatında Avrozona və Çin ilə birlikdə böyük paya sahibdir və burada hər hansı bir durğunluq dünya iqtisadiyyatına da mənfi təsir edə bilər. 


Məlumatların açıqlanmasından sonra son günlər bir ayın maksimum səviyyələrində ticarət edilən dolların aparıcı valyutalara nisbətən qiymətlərində güclü dalğalanma müşahidə edilməyib.