Amerikada işsizlik gözlənilmədən 4.2%-ə düşüb

06 Oktyabr 2017

Sentyabr ayında işsizliyin 4.2%-ə kimi azalması, məşğulların sayındakı azalmanın gələcək təhlükəsini kölgədə qoyur.

Amerikada işsizlik gözlənilmədən 4.2%-ə düşüb

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə sentyabr ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 33 000 nəfər azalsa da, işsizlik səviyyəsi də 4.2%-ə düşüb. Bununla yanaşı, əmək haqlarında da 0.5%-lik artım müşahidə edilib. Analitiklər məşğulların sayında 90 000 nəfər artım, işsizlik səviyyəsində dəyişikliyin olmayacağını, əmək haqlarında isə artımın yalnız 0.3% olacağını gözləyirdilər.

Məlumatların açıqlanmasından sonra dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti 0.3% bahalaşıb. 

ABŞ-da işsizlik 5.0% olduqda, bu, siyasi dairələrdə tam məşğulluq səviyyəsi kimi qiymətləndirilirdi. Sentyabr ayında isə göstəricinin 4.2%-ə kimi azalması, məşğulların sayındakı azalmanın gələcək təhlükəsini kölgədə qoyur. 

Qeyd etmək lazımdır ki, Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı vəziyyəti ölçmək üçün önəmli göstəricidir.