Amerika sessiyasında qızılda bahalaşma daha da gücləndi

05 Fevral 2019

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma, qızıla olan tələbin yenidən artmasına səbəb olur.

Amerika sessiyasında qızılda bahalaşma daha da gücləndi

Əlvan metallar bazarlarında qızılın qiyməti cari həftə ərzində 1308.51$-a kimi ucuzlaşdıqdan sonra dəstək alaraq, yenidən bahalaşmağa başlayıb. Asiya sessiyasında bahalaşma güclənərək, bazar ertəsinin önəmli müqavimət səviyyəsini qırsa da Avropa sessiyasında yenidən 1315$-da müqavimətlə rastlaşmışdı. Lakin yenidən 1311$-da dəstək alan qiymət, Amerika sessiyasında günün müqavimət səviyyəsini də qırmaqla, bahalşmasını daha da gücləndirib. 


Dünya valyuta birjalarında son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərin ABŞ-dan açıqlanan müsbət fundamental göstəricilər fonunda dəstək alaraq, 0.8% bahalaşması, qızılın bir unsiya üzrə qiymətinin də ucuzlaşmasına səbəb olurdu. Belə ki, cümə günü Amerikanın əmək bazarında məşğulların sayında proqnozların üzərində statistik rəqəmlər açıqlanıb və sənaye sektoruna dair göstəricilər də müsbət mənada təəccübləndirib. Qızılın qiymətləri isə son müddət dünyada siyasi və iqtisadi risklərin artması fonunda sürətlə bahalaşmağa başlamışdı.


Lakin bu gün dolların dünya birjalarında qiymətlərində bahalaşma zəifləmiş, Amerika sessiyasında isə ucuzlaşmağa başlamışdı və nəticədə qızılın qiymətlərində də bahalaşma başlayıb. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti cari həftənin önəmli dəstək səviyyəsi - 1308.51$-ın üzərində qaldıqca, 1317.32$, 1319.30 və 1321.46$-a kimi dəyər qazana bilər. Lakin bu zaman qlobal artım dalğasının bərpası haqqında danışmaq tezdir. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00, 13:30 və 19:00-da müvafiq olaraq açıqlanacaq Avrozona, Böyük Britaniya və ABŞ-ın xidmət sektorları ilə bağlı önəmli fundamental məlumatların da birjalarda ticarət aktivliyinin artmasına təsir edə biləcəyi gözlənilir.