İlkin Alıyev

Analitik
Son iki həftədir FED-in siyasəti fonunda qeyri-müəyyənlik artıb və dolların qiyməti 2% ucuzlaşıb
27 Avqust 2018

FED üzərində qara buludlar

Donald Trampın müsahibəsi dünya mediasında yayılandan sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində başlayan ucuzlaşma ilə yanaşı Amerika Mərkəzi Bankının müstəqilliyi fonunda müzakirələr də artmağa başlayıb. 


Image title


Donald Tramp: "FED-in siyasəti ölkə iqtisadiyyatına mənfi təsir edir". 

Avqust ayının 20-də Amerika prezidenti növbəti dəfə cəsarətli və sələfilərindən daha səs küylü çıxışı ilə FED-in qərarlarına təsir etməyə çalışır. O,  Röyters (ing.: "Reuters") agentliyinə verdiyi müsahibəsində bildirib ki, bank sədrinin faiz artımı siyasətindən məmnun deyil: "FED daha çox geri çəkilməli və kömək etməlidir". Bununla yanaşı, Tramp Çin və Avropanı valyutalarını manipulyasiya etməkdə günahlandırıb. 


FED: "ABŞ iqtisadiyyatını qorumaq üçün faizlər artırılmalı". 

FED cari sərt monetar siyasətini Amerika iqtisadiyyatında yaxşılaşma ilə əlaqələndirir. Ölkə iqtisadiyyatında tam məşğulluq, inflyasiyanın 3%-ə çatması, FED-in faiz artımı tədbirləri üçün əlverişli imkan deməkdir. Rüblük inkişaf səviyyəsinin isə artıq 4%-ə yüksəlməsi, FED-ə faiz artımı siyasətində ləngimənin riskli olmasını deməyə əsas verir: "İqtisadi inkişafın sürətlənməsi ilə bərabər faiz dərəcələri də artırılmasa, iqtisadiyyat bundan mənfi təsirlənə bilər". 


Beynəlxalq maliyyə bazarlarında yaranan qeyri-müəyyənlik. 

Maliyyə siyasəti ilə bağlı Amerikadan gələn iki fərqli yanaşma, beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin ucuzlaşmasına səbəb olmuşdur. İlin əvvəlindən etibarən foreks bazarlarında dolların qiyməti FED-in faiz artımı ilə bahalaşmağa başlamışdısa, hökümət tərəfindən tənqidlərin gurlaşması, cari tendensiya fonunda qeyri-müəyyənliyin artmasına səbəb olmuşdur. Belə ki, fevral ayının ortalarından avqust ayının ortalarına kimi dollar indeksində 10%-ə kimi bahalaşmadan sonra 2%-lik ucuzlaşmanın şahidi oluruq. 


ABŞ hökümətinin FED-ə qarşı mövqeyi və dolların ucuzlaşması. 

Dünyada dövlətlərin, bankların və özəl şirkətlərin dollarda borclandıqları bir şəraitdə, FED-in sərt monetar siyasəti dünya iqtisadiyyatını daha çətin vəziyyətə salmış olur. Türkiyədə baş verən son hadisələr siyasi amillərlə əlaqələndirilsə də, dollarda olan borc səviyyəsi daha çox lirəni təzyiq altında saxlayır. Türkiyə ilə yanaşı, digər inkişaf etmiş və etməkdə olan bazarlarda da eyni situasiya hökm sürür. Çin 48%, Yaponiya 253%, Almaniya 64% İngiltərə 85%, Hindistan 69%, Fransa 97%, Braziliya 74%, İtaliya 132%, İspaniya 98%, Meksika 46%, Argentina 57%, Cənubi Afrika 53%, Sinqapur 111% və s. Bu arada Amerikanın özünün borc səviyyəsi (105%) unudulmamalı. Beləliklə, Amerikanın birinci bankının uçot faiz dərəcəsinin yuxarı sərhədini təkcə bu il 1.50%-dən 2.00%-ə kimi iki dəfə artırması və ilin sonuna kimi əlavə iki faiz artımını planlaşdırması, maliyyə bazarlarında "qara buludlar"-ın artmasına səbəb olur: Dolların bahalaşdırılması, yüksək borc səviyyəsində olan dövlətlərin kollapsına gətirə bilər. 


Bundan istifadə edən hal-hazırki Donald Tramp adminstrasiyası, FED-in siyasətinə qarşı fikirlər səsləndirir, onu hökümət siyasətinə qoşulmağa səsləyir. Sələfilərindən daha sərt şəkildə. "CNN" tərəfindən, ABŞ-ın yüksək borc səviyyəsinə qarşı hansı tədbirlər görəcəyi, sualına isə belə cavab verir: "You print the money!" (Tərcümə: "Pul çap edirsən!"). Bu isə dolların ucuzlaşdırılması deməkdir. 


Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti ("DXY") Donald Trampın hakimiyyətə gəlişi ilə 2017-ci il ərzində 88.25 punkta kimi 15% ucuzlaşdıqdan sonra FED-in sərt siyasəti ilə 2018-ci ildə sözügedən eniş dalğasının 96.81 punkta kimi təqribən 55% geri qaytarmışdır. Lakin təqribən son iki həftədir dolların indeksində yenidən ucuzlaşma başlayıb. Nəticədə EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq, 1.16$ və 1.28$-ın üzərində ticarət edilirlər. 


Gələcək fundamental hadisələr və onların maliyyə bazarlarına mümkün təsiri. 

Beləliklə, gələcək günlərdə Amerika iqtisadiyyatı ilə bağlı açıqlanacaq fundamental göstəricilərdə zəifləmə müşahidə edilərsə, bu, ABŞ hökümətinin FED-ə qarşı mövqeyini gücləndirə və daha çox tərəfdar toplamasına səbəb ola bilər. Nəticədə dollarda ucuzlaşma daha da sürətlənə bilər. Bu baxımından sentyabr ayının sonu və dekabr ayının sonu açıqlanacaq iqtisadi inkişaf ilə bağlı ikinci və üçüncü rüblər üzrə iqtisadi inkişaf göstəriciləri investorların diqqət mərkəzindədir. 


Digər tərəfdən, son günlər Donald Trampın ona qarşı təzyiqlər fonunda narahatlığını bildirməsi, impiçment ehtimallarını da gücləndirir. O, bunun ölkə iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracağı xəbərdarlığını edir. Qeyd etmək lazımdır ki, noyabrın 6-sında ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Demokratlar Partiyası bu seçkilərdə çoxluq qazana və Respublikaçılar Partiyasını təmsil edən Donald Trampa qarşı impiçmentin elan edilməsi prosesini başlada bilər. Bu isə öz növbəsində FED-in növbəti faiz artımı ehtimallarını gücləndirə bilər və dolların daha da bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verər. FED-in növbəti faiz qərarı isə sentyabr ayının 26-da gözlənilir. 


FED-in ilin sonuna kimi əlavə faiz artımları ehtimallarını gücləndirə biləcək hər hansı açıqlamaları da dolların aparıcı valyutalara nisbətən qiymətlərində növbəti artım dalğasının bərpa olunmasına gətirib çıxara bilər. 


Cari vəziyyət həssas olsa da, FED-in mövqeyinin güclü olduğunu göstərir. 

Bununla yanaşı, Amerika iqtisadiyyatının vəziyyətini əks etdirən, S&P və Dou-Cons (ing: "Dow Jones", "DJ") indekslərində cari həftənin başlaması ilə müsbət tendensiya başlayıb. SP500 2900 punkt səviyyəsinə, "DJ" isə 26000 punkt ilə cari ilin maksimum səviyyəsinə doğru bahalaşmaqdadır. Vəziyyət hələ də həssas qiymətləndirilsə də, FED sədri Jerom Povelin cümə günü investorları qane etməyən çıxışı ilə müqayisədə indekslərdə bahalaşma müsbət sayıla bilər. 


Image title


Image title


Bütün bunları nəzərə alaraq, mənzərənin daha da aydınlaşdırılması üçün gələcək günlərdə baş verəcək hadisələr və açıqlanacaq fundamental göstəricilər diqqət mərkəzində saxlanılmalıdır. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%