İlkin Alıyev

Analitik
EUR/USD və GBP/USD maliyyə alətləri fonunda proqnozlara iki mərhələli yanaşmaq lazımdır
30 Yanvar 2019

Avro və Funtun bahalaşma proqnozları

Beynəlxalq valyuta birjalarında noyabr ayının ortalarından etibarən avro və funt kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərində ticarət aktivliyinin azalması müşahidə edilir. Bunun bir səbəbi il sonu bayramları ilə əlaqədar olsa da digər tərəfdən investorların gələcəyə dair gözləntilərində qeyri-müəyyənliyin də artmasıdır. 


Dünyada artan siyasi və iqtisadi risklər bütün maliyyə alətlərində öz əksini tapsa da dolların daha çox ucuzlaşdığının şahidi oluruq və bazarları da hərəkət gətirən əsas amil dolların ucuzlaşmasıdır. Amerika Mərkəzi Bankı (FED) dekabr ayının 20-də 2018-ci il ərzində dördüncü faiz artımına getsə də digər tərəfdən iqtisadi gözləntilərini aşağı istiqamətdə dəyişib. Belə ki, 2018-ci il üzrə iqtisadi inkişaf sürəti 3.1%-dən 3.0%, cari il üzrə isə 2.5%-dən 2.3%-ə kimi azaldılıb. Bütün bunlarla yanaşı, Amerikanın fond bazarlarında da indekslərin sürətlə ucuzlaşması, gələcəyə dair gözləntilərin daha da zəifləməsinə səbəb olmuşdur. Hadisədən sonra yeni ildə ABŞ iqtisadiyyatına dair fundamental göstəricilərin zəif açıqlanması, FED-in cari il üzrə gözlənilən iki faiz artımını sual altına qoyur və dolları da foreks bazarlarında təzyiq altında saxlayır. 


Dünyanın aparıcı ölkələrinin iqtisadi vəziyyətləri çətinləşdikcə Avrozona və İngiltərə kimi digər ölkələr də iqtisadi vəziyyət zəifləyir, burada da fundamental göstəricilər mənfi açıqlanmaqdadır. Bu səbəbdən dolların ucuzlaşması fonunda EUR/USD və GBP/USD məzənnələrinin bahalaşacağını proqnozlaşdırmaq asan deyil. Avro və Funtun qiymətlərində son günlər bahalaşma müşahidə edilsə də qrafikdə bunun yavaş inkişaf etdiyini görürük. 


Image title

Image title


Yuxarıdakıları nəzərə alaraq, avro və funtun qiymətlərində bahalaşma proqnozlarını iki hissəyə bölmək lazımdır. İlk öncə yaxın gələcəkdə avronun 1.1500-1.1620 dəhlizini yuxarı istiqamətdə qırması və üzərində möhkəmlənməsi önəmli rol oynayacaqdır. Bundan sonra isə avronun qiymətində 1.1814$ səviyyəsinin qırılması, investorların diqqət mərkəzinə çevriləcək. Funt sterlinq üçün 1.2808-1.2950 dəhlizinin qırılması və ikinci mərhələdə 1.3300$ müqavimət səviyyəsinin qırılması önəmli rol oynayacaqdır. 


İki mərhələ üzrə bahalaşma asan baş verməyəcək və yuxarı istiqamətdə müqavimət səviyyələri qırıldıqca, bahalaşma sürətlənəcəkdir. Beləliklə, uzun müddətli mövqe tutan treyderlər bu iki mərhələdə daha çox ehtiyatlı olmalıdırlar və qiymətlərin önəmli səviyyələrin üzərində möhkəmlənməsini gözləməlidirlər. Qısa müddətli ticarət zamanı isə volatilliyin yüksək olacağı nəzərə alınmalıdır. 


Sözügedən marjinal maliyyə alətləri üzrə müqavimət səviyyələrinin yuxarı istiqamətdə qırılması üçün gələcək günlərdə impulsiv hadisələr isə ABŞ fond bazarlarında növbəti ucuzlaşma dalğasının başlaması, yanvar ayının 30-da yayımlanacaq dördüncü rüb üzrə iqtisadi inkişaf göstəricisi və digər önəmli fundamental məlumatlar və siyasi baxımından ABŞ hökümətinin xarici ticarət fonunda verəcəyi açıqlamalar, xüsusilə də Çin ilə razılaşmalar olacaqdır. Breksit və Avropa parlamentində seçkilər (26.05) fonunda hadisələr və Fransada müşahidə olunan siyasi böhran da diqqət mərkəzində saxlanılmalıdır. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%