İlkin Alıyev

Analitik
Gələcək üç ay ərzində dolların qiymət qrafikində üç ssenari proqnozlaşdırılır
09 Yanvar 2018

FOREKS: Dollarda bahalaşma proqnozlarının aktuallığı

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin son bir ay ərzində sürətlə ucuzlaşaraq, iki ilin minimum səviyyəsini qırması üzrə olmasına baxmayaraq, yenidən bahalaşa biləcəyi proqnozlarının zəifləməsinə səbəb ola bilmədi. Cari həftə ərzində isə dolların artıq yenidən bahalaşmağa başlaması, proqnozların aktuallığını yenidən gündəmə gətirdi. 


Dolların aparıcı valyutalara nisbətən orta qiyməti (dollar indeksi) oktyabr ayının 30-dan yanvar ayının 2-ə kimi 3.6% ucuzlaşdıqdan sonra 0.8% bahalaşıb. Hal-hazırda dollar indeksi 92 punktun üzərində qərarlaşıb, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.20$ və 1.36$-ın altında, USD/TRY məzənnəsi isə 3.75TL-nin üzərində ticarət edilir. Sözügedən maliyyə alətləri üzrə isə həm texniki, həm də fundamental əsaslar mövcuddur ki, qiymətlərdə müşahidə edilə dönüşün daha da güclənə biləcəyi proqnozlaşdırılır. 


Mövzü ətrafında fikirləri sadələşdirmək üçün dollar indeksinə əsaslanmaq daha düzgündür. Noyabr ayında digər aparıcı valyutaların, xüsusilə də, avronun bahalaşması və dekabr ayında Amerika Mərkəzi Bankının ("FED") gözlənilən faiz qərarı ilə bağlı 2018-ci il üzrə qeyri-dəqiq açıqlamaları dollar indeksinin iki dalğalı eniş trendinə səbəb oldu. Lakin beynəlxalq bazarlarda dolların qiymətinin ucuzlaşmasına baxmayaraq, dollar indeksinin yenidən 96 punkta kimi bahalaşa biləcəyi proqnozları da aktual olaraq qalırdı. Bunun bir səbəbi digər aparıcı valyutaların aid olduğu ölkə və regionlarda fundamental əsaslar, digər tərəfdən isə ABŞ-da faiz artımı gözləntiləri ilə inflyasiyanın hələ 2%-in üzərində dayanıqlı inkişafı gözləntiləri arasında fərqin həssaslığıdır. Avrozonada iqtisadi islahatların ləng getməsi, inflyasiyanın çox aşağı olması, AMB-nin yumşaq monetar siyasətinə ilin sonuna kimi davam etmək niyyəti, İngiltərə ilə AB arasında "BREKSIT" danışıqları fonunda qeyri-müəyyən gözləntiləri, siyasi xaosu və s. birinci səbəbə misal göstərmək olar.


Yanvar ayının ilk həftəsinin cümə günü müsbət açıqlanan əmək bazarı ilə bağlı fundamental göstərilərinin də dolların bahalaşmasına güclü təsir etməməsi, investorların daha çox "FED"-in gələcək planı ilə bağlı açıqlamalarını gözləmələrinə işarədir. Məhz bu səbəbdən son iki həftədir Amerika və Avropa bazarlarında zəif ticarət aktivliyi müşahidə edilir.


Lakin nəzərə almaq lazımdır ki, investorlar üçün fundamental amillərlə yanaşı texniki amillər də stimul rolunu oynaya bilir. Yəni dollar indeksində və ya hər hansı önəmli valyuta cütlüklərində müvafiq olaraq müqavimət və ya dəstək səviyyələrinin qırılması, burada qiymətlərdə müşahidə edilən dönüş proqnozlarını da gücləndirə bilər. Deməli, gələcək müddət ərzində həm "FED" tərəfindən hər hansı bir açıqlama, həm də qiymətlərdə texniki siqnallar dönüşün güclənməsinə səbəb ola bilər. 


Aşağıdakı texniki ssenarilər ərzində dollar indeksinin yenidən 96 punkta kimi bahalaşması proqnozları güclü olaraq qalır:


 1) Dollar indeksi 92.60 və 93.40 punkta kimi bahalaşır və üzərlərində möhkəmlənir;

 2) Dollar indeksi 91.57 və 91.01 punkta kimi ucuzlaşır. Qiymət bu səviyyələrdən sonra güclü artım trendinə başlaya bilər;

 3) Dollar indeksi 90.08 və 89.06 punkta kimi ucuzlaşır. Qiymət bu səviyyələrdən sonra da güclü artım trendinə başlaya bilər. 


Bütün bunlarla yanaşı, fundamental amillər unudulmamalı və diqqət mərkəzində saxlanılmalıdır: "FED"-in faiz artımı ilə bağlı planları və cari il üzrə gözləntiləri, ABŞ və digər inkişaf etmiş ölkələrdə inflyasiya və iqtisadi inkişaf göstəriciləri və gözləntiləri, ABŞ hökümətinin proteksionizm və iqlim siyasəti. 


Qeyd etmək lazımdır ki, ABŞ höküməti 2017-ci il üzrə iqtisadi inkişaf göstəricilərində 4 faizi hədəfləyir və bununla bağlı yekun məlumatlar mart ayında yayımlanacaq. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%