Avro 1.24$-dan çox bahalaşdı

25 Yanvar 2018

Bu gün maliyyə bazarlarında AMB sədri Mario Draqinin çıxışı güclü təsiri baxımından investorların diqqət mərkəzində olan əsas hadisədir.

Avro 1.24$-dan çox bahalaşdı

Mario Draqinin çıxışı diqqət mərkəzində. 

Dünya valyuta birjalarında Avropa Mərkəzi Bankının (AMB) bu gün Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq mətbuat konfransı öncəsi avronun qiyməti 1.2440$-a kimi bahalaşıb. Beləliklə, bank sədri Mario Draqinin yumşaq monetar siyasətinin sonu ilə bağlı siqnal verib verməyəcəyi investorların diqqət mərkəzindədir. 

Son günlər AMB-nin cümə axşamı yumşaq monetar siyasətinin dayandırılması ilə bağlı siqnallar verə biləcəyi gözləntiləri fonunda avro sürətlə bahalaşmışdır. Burada əsas diqqət mərkəzində bankın gələcəkdə seçəcəyi ifadələr və istiqraz alışı proqramının tamamilə dayandırılması müddəti ilə bağlı hər hansı bir məlumatlardır. Mario Draqinin avronun qiymətində müşahidə edilən güclü bahalaşma ilə bağlı fikirləri də böyük maraqla gözlənilir. 

Texniki analizə əsasən, qiymət 1.25$-a kimi bahalaşaraq, üzərində möhkəmlənərsə, 1.30$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.

Lirə 3.68TL-ə kimi də bahalaşa bilər. 

Türkiyə maliyyə bazarlarında da lirənin qiyməti bahalaşmaqda davam edir və 3.68TL-ə kimi də bahalaşa bilər. Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin sürətlə ucuzlaşması, USD/TRY məzənnəsinin də ucuzlaşmasına təsir edir.

Brent nefti 75$-a kimi də bahalaşa bilər. 

Enerji bazarlarında da neft qiymətləri 71$-a kimi 4% dəyər qazanıb. Təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiyməti 70$-ın üzərində qaldıqca, 73 və 75$-a kimi də bahalaşa bilər.