Avro və Funt ucuzlaşır, Neft isə bahalaşır

12 Dekabr 2017

Avro və Funtda ucuzlaşmanın, neft qiymətlərində isə bahalaşmanın daha da sürətlənməsi proqnozlaşdırılır.

Avro və Funt ucuzlaşır, Neft isə bahalaşır

EUR/USD yenidən ucuzlaşır. 

Dünya valyuta birjalarında EUR/USD valyuta cütlüyünün qiyməti bazar ertəsi 1.1811$-a kimi 0.7% bahalaşdıqdan sonra 1.1764$-a kimi ucuzlaşıb. Məzənnə üzrə təhlillər əsasən, qiymət 1.1784$-ın altında qaldıqca, ucuzlaşma 1.1730 və 1.1707$-a kimi də davam edə bilər.

Qeyd etmək lazımdır ki, avroya təzyiq edən amillər çərşənbə günü Amerika Mərkəzi Bankının (FED) faiz artımına gedəcəyi gözləntilərinin yüksək olması və cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransında, yumşaq monater siyasətin davam etdirilməsi zəruriliyinin yenidən vurğulanması gözləntiləridir.

Funtun ucuzlaşması 1.32$-a kimi sürətlənə bilər. 

Funtun qiyməti İngiltərənin AB-dən ayrılması (“BREXIT”) danışıqları fonunda hələ də təzyiq altında qalmaqdadır. Belə ki, 1.3330$-a ticarət edilən GBP/USD məzənnəsi 1.3308$-a kimi də ucuzlaşarsa, 1.3175$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, bu həftə “BREXIT” danışıqlarının 2018-ci ildə ikinci mərhələsinə keçid ilə bağlı qərarın müzakirəsi və çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:30-da açıqlanacaq İngiltərənin inflyasiya səviyyəsi, investorların diqqət mərkəzində olacaqdır.

Neft qiymətlərində növbəti hədəf 68$-dır. 

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti bahalaşmaqda davam edir. Artıq 65$-a ticarət edilən Brent markalı neftin bir barel qiyməti, 68.21$-a kimi də dəyər qazana bilər.

Dünyada neftə olan tələbin daha da arta biləcəyinə işarə edən xəbərlərin son günlər sıx açıqlanması, neft qiymətlərinin bahalaşmasını gücləndirən əsas amillərdir.