22.07.2019 Avro, Funt və Lirə

22.07.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

22.07.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



AMB-nin yeni açıqlamaları öncəsi EUR/USD qiyməti haqqında. 

Avropa mərkəzi bankının cümə axşamı faiz qərarı və gələcək siyasətinə dair edəcək yeni açıqlamaları öncəsi EUR/USD 1.12$-a ticarət edilməkdədir. Bankın faizlərində dəyişiklik edəcəyi gözlənilməsə də iqtisadiyyata dəstək olmaq üçün yeni pul-kredit siyasəti strategiyası açıqlaya bilər. İyun ayının əvvəlində bu haqda danışan sədr, bazarlarda böyük ümidlər yaradıb. Dünya birjalarında avronun 1.14$-a kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır. 


Sərt Breksit ilə bərabər GBP/USD bahalaşması da diqqət mərkəzində. 

GBP/USD məzənnəsi isə 1.24$-da dəstək görərək, 1.25$-a kimi bahalaşıb və 1.26$-a kimi də bahalaşa bilər. Lakin çərşənbə axşamı İngiltərədə mühafizəkarlar partiyasının yeni sədri seçildikdən sonra birbaşa baş nazir səlahiyyətlərinə də sahiblənmiş olacaq. Boris Consonun seçilməsi ehtimalları yüksək olduğu üçün sərt Breksit tərəfdarı kimi ölkədə siyasi və iqtisadi risklərin artmasına da səbəb olacağı ehtimalları yüksəkdir. Digər tərəfdən ölkə parlamenti qəbul edəcək yeni qanunlarla sərt Breksitin də qarşısını almağa çalışır.


Türkiyə ətrafında siyasi və iqtisadi risklər və TCMB-nin faiz endirimi ehtimalı. 

Türkiyə ilə Avropa arasında da siyasi gərginliyin artması və TCMB-nin faiz endirimi ehtimalları, USD/TRY məzənnəsi üçün riskləri daha artırıb. Beləliklə, məzənnə cümə gününün dəstək səviyyəsi (5.60TL) üzərində qaldıqca, 5.72 və 5.80TL-yə kimi bahalaşa bilər.