Avro, Funt və Qızılda korreksiya

31 Mart 2020

Avro və Funtda müşahidə edilən son ucuzlaşma müvəqqəti ola bilər. Qızılın qiymətindəki qrafik mənzərə də bahalaşmanın davam edə biləcəyinə işarədir.

Avro, Funt və Qızılda korreksiya

Beynəlxalq valyuta birjalarında avronun qiyməti cari həftə ərzində ucuzlaşaraq, 1.10$-a ticarət edilməkdədir. Dollara tələbin azalması fonunda avro kimi aparıcı valyutaların qiymətlərində keçən həftə ərzində bahalaşma müşahidə edilmişdi. GBP/USD məzənnəsi hazırda 1.23$-a ticarət edilməkdədir. 

Təhlillərə əsasən, foreks bazarlarında dolların qiymətində son bahalaşma korrektiv qiymətləndirilir. Bu fikir dollar indeksi 102 punkt altında qaldıqca, aktual olacaqdır. Beləliklə, hazırda avro və funt sterlinqin qiymətlərindəki ucuzlaşma da korrektivdir. Bahalaşma üçün isə EUR/USD məzənnəsində 1.1055$, GBP/USD məzənnəsində isə 1.2440$-ın qırılmasını gözləmək lazımdır. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti keçən həftə dolların ucuzlaşması fonunda dəyər qazanmışdı. Aprel ayının ilk gününə saatlar qalmış, qızılın bir unsiya üzrə qiymətində 1617$ ətrafında üfüqi dalğalanma müşahidə edilir. Üfüqi korreksiya isə qiymətdəki bahalaşmanın davam edə biləcəyini proqnozlaşdırmağa əsas verir.