Avro və Funt təzyiq altında, Brent bahalaşmaqda

02 Oktyabr 2018

Avropa Birliyində siyasi və iqtisadi böhranlar dünya valyuta birjalarında dollara olan tələbin artmasına səbəb olur. Neft isə bahalaşmaqda davam edir.

Avro və Funt təzyiq altında, Brent bahalaşmaqda

Dünya valyuta birjalarında Avropa Birliyində siyasi və iqtisadi risklər mövcudluğu avro və funt sterlinqində ucuzlaşmalarının davam etməsinə səbəb olur. İngiltərə ilə Avropa Birliyi arasında çətin keçən "BREXIT" danışıqları, Avropa Birliyi daxilində İtaliyanın yeni büdcə siyasəti fonunda gərgin müzakirələr və beləliklə, avroya qarşı iqtisadi risklər investorların diqqət mərkəzindədir və bununla bağlı xəbərlər diqqət mərkəzində saxlanılmalıdır. 


Artıq EUR/USD məzənnəsi 1.1570$, GBP/USD məzənnəsi isə 1.3040$-a ticarət edilməkdədir. Təhlillərə əsasən, məzənnələrdə ucuzlaşma əlavə olaraq 1%-ə kimi də davam edə  bilər.


Enerji bazarlarında isə neft qiymətləri bahalaşmaqdadır. Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti 85$-a kimi bahalaşıb və bu səviyyənin üzərində möhkəmlənərsə, 88$-a kimi də dəyər qazana bilər. Neft qiymətlərinə isə “OPEC+” ölkələrinin sonuncu bəyanatı dəstək olur. 


Qeyd etmək lazımdır ki, sentyabr ayının sonlarında "OPEC+" ölkələrinin Əlcəzair şəhərində baş tutan qeyri-rəsmi toplantısında verilən yekun bəyanatda Amerika prezidenti Donald Trampın neft qiymətlərinin ucuzlaşdırılmasına təsir edilməsinin önəmliyi vurğulamasına baxmayaraq, hasilat səviyyələrini artırmayacaqlarını açıqlamışdılar.