Avro və Funt təzyiq altında, dollara tələb artır

25 Sentyabr 2018

İngiltərə və Avropa Birliyi arasında dialoqun sərtləşməsi, beynəlxalq birjalarda da avro və funt sterlinqin qiymətlərinə mənfi təsir edib.

Avro və Funt təzyiq altında, dollara tələb artır

EUR və GBP təzyiq altında. 

Dünya valyuta birjalarında İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” danışıqları fonunda risklərin artması, avro və funt sterlinqin qiymətlərini təzyiq altında saxlayır və dollara olan tələb artır. Belə ki, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.18 və 1.32$-ın altında ticarət edilirlər.


Bazar ertəsi İngiltərə hökümət nümayəndələrinin iclasından sonra mətbuata müsahibə verən "BREXIT" naziri Dominik Raab bildirib ki, baş nazir Tereza Meyin mövqeyi dəyişməzdir. Keçən həftənin çərşənbə günü AB sammitində İngiltərə hökümətinin şərtləri geri çevirildikdən sonra Tereza Mey cümə günü daha çox hörmət və yeni təkliflər tələb edib. 


Almaniyanın baş naziri isə bazar ertəsi açıqlamasında vurğulayıb ki, bugünə kimi müxtəlif İngiltərə hökümətləri AB haqqında mənfi fikirlər səsləndiriblər və özlərinin də eyni situasiya ilə qarşılaşmaları təəccüb doğurmamalıdır. "Mən İngiltərənin AB-dən ayrılmasını dostluq münasibətləri çərçivəsində baş verməsini istəyirəm. Lakin nə isə yolunda getməyəndə həmişə Brüssel günahkar olub. Bu düzgün mövqe deyil". 


Foreks: Dollar 2%-ə kimi bahalaşa bilər. 

Bununla yanaşı, Amerika Mərkəzi Bankının (FED) çərşənbə günü cari il ərzində üçüncü faiz artımına gedə biləcəyi proqnozları da dolların aparıcı valyutalara nisbətən qiymətlərinə dəstək olur. Bazar ertəsi ABŞ ilə Cənubi Koreya arasında yeni ticarət sazişinin imzalanması, dolların bahalaşmasına təsir edən müsbət amillər arasındadır.


Dollar indeksinin təhlillərinə əsasən, qiymət son üç ayın maksimum səviyyəsi üzərində qaldıqca, 95.50 punkta kimi bahalaşa bilər. Bu öz növbəsində, EUR/USD məzənnəsinin 1.1732$, GBP/USD valyuta cütlüyünün qiymətinin isə 1.3056$-ı aşağı istiqamətdə qıra biləcəkləri proqnozlarını da gücləndirir. Bu baş verərsə, avro 1.1684$, funt sterlinq isə 1.2904$-a kimi dəyər itirə bilər. 


Bu gün Bakı vaxtı ilə saat 18:00-da açıqlanacaq ABŞ-ın istehlak bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.