Avro və Lirə bahalaşdı, Brent nefti ucuzlaşır

16 Avqust 2018

Beynəlxalq birjalarında avro və lirə kimi önəmli valyutaların dollara nisbətən qiymətlərində bahalaşma müşahidə edilməkdədir. Brent nefti isə ucuzlaşır.

Avro və Lirə bahalaşdı, Brent nefti ucuzlaşır

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.13$-a kimi ucuzlaşdıqdan sonra 1.14$-a kimi bahalaşıb. Lakin bahalaşma maliyyə bazarında texniki səbəblərlə əlaqələndirilir və avroya olan təzyiqlərin aktual qaldığı qənaəti güclü olaraq qalır. Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsində korreksiya artıq 5.86TL-yə kimi dərinləşib.


Təhlillərə əsasən, Dollar/Lirə məzənnəsində ucuzlaşma, 6.33TL-nin altında qaldıqca, 5.76 və 5.56TL-yə kimi də davam edə bilər. Avro/Dollar qiyməti isə 1.14$-ın üzərində möhkəmlənərsə, 1.15$-a kimi də bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00 və 16:30-da müvafiq olaraq dərc ediləcək Avrozonanın xarici ticarət dövriyyəsi və Amerikanın tikinti bazarı ilə bağlı önəmli statistik məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir.


Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti önəmli dəstək səviyyəsi sayılan 71$-ı aşağı istiqamətdə qırıb. Beləliklə, qiymət bu səviyyənin altında qaldıqca, ucuzlaşmanın 66$-a kimi davam edə biləcəyi proqnozlaşdırılır. Dünyada hasilat səviyyəsinin artması, neft qiymətlərinin ucuzlaşmasına səbəb olur.