Avro və Lirə əlavə olaraq 1% bahalaşa bilər

14 Dekabr 2017

“FED”-in gələcək iqtisadi açıqlamalarının kifayət qədər tutarlı olmaması, hətta təhlükəli olması, dolların ucuzlaşmasına səbəb olub.

Avro və Lirə əlavə olaraq 1% bahalaşa bilər

Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının (“FED”) faiz qərarından sonra dolların aparıcı valyutalara nisbətən orta qiyməti təqribən 1% ucuzlaşıb. İnvestorların “FED”-in gələcək iqtisadi açıqlamalarının kifayət qədər tutarlı olmadığını, hətta təhlükəli olmasını hesab etmələri, dolların ucuzlaşmasına səbəb olub. 

"FED"-in uçot faiz dəhlizinin yuxarı sərhədinin çərşənbə günü 1.25%-dən 1.50%-ə kimi artırılması qərarının açıqlanmasından sonra baş tutan mətbuat konfransında, aşağı inflyasiyanın güclü əmək bazarı ilə gələcəkdə dəstəklənə biləcəyinin vurğulanmasına baxmayaraq, bunun əksinin də baş verə biləcəyi gözləntiləri nəzərə alınmalıdır. Belə ki, aşağı inflyasiyanın özü də əmək bazarına - ABŞ iqtisadiyyatına yük ola bilər. 

Bu gündən etibarən isə maliyyə bazarlarında dolların ikinci artım dalğasına başlaması üçün yeni stimullara ehtiyac olacaqdır. Bunlar istər siyasi, istərsə də makro iqtisadi göstəricilərin açıqlanması olsun. Digər aparıcı valyutaların qiymətlərində də yeni güclü tendensiyalar dolların gələcək qiymətində böyük rol oynaya bilər. 

Qeyd etmək lazımdır ki, foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən ortq qiyməti sentyabr ayının ortalarından FED-in dekabr ayında üçüncü faiz artımına gedəcəyi gözləntiləri fonunda 4.5% bahalaşmışdır. Çərşənbə günü axşam isə "FED" sədri Janet Yellenin növbəti ikinci artım dalğası üçün güclü siqnallar verə bilməməsi, investorları məyus edib. 

Avro və Lirə əlavə olaraq 1% bahalaşa bilər. 

Beləliklə, 1.1843$-a kimi bahalaşan EUR/USD məzənnəsi 1.1867-1.1886$-a kimi bahalaşaraq, bu səviyyələrin üzərində möhkəmlənərsə, 1.1957$-a kimi də bahalaşa bilər. Dollar/Lirə məzənnəsi də 3.81TL-ə kimi ucuzlaşıb və 3.80TL-ə kimi ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 3.76TL-ə kimi ucuzlaşacağı proqnozlaşdırılır.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:00-da Türkiyə və saat 16:45-də Avropa mərkəzi banklarının pul siyasətləri və faiz qərarları ilə bağlı açıqlamaları gözlənilir.

Qızıl da yenidən bahalaşır. 

Dolların ucuzlaşması əlvan metallar bazarlarında da qızılın bahalaşmasına təsir edib. Artıq yenidən 1257$-ın üzərində ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1264 və 1270$-a kimi də dəyər qazana bilər.