Avroda bahalaşma dayanıqlı deyil

21 Avqust 2018

Dünya valyuta birjalarında avro kimi aparıcı valyutaların dollara nisbətən məzənnələrində bahalaşmaya şübhə ilə yanaşmaq lazımdır.

Avroda bahalaşma dayanıqlı deyil

Beynəlxalq valyuta birjalarında dünya mediasında yayılan iki xəbər avronun dollara nisbətən məzənnəsinin 1.3%-ə kimi bahalaşmasına təsir edib. Buna səbəb Avropada artıq Yunanıstana maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamalar və Almaniyanın xarici ticarətdə növbəti dəfə dünya liderliyini qoruması ilə bağlı statistik məlumatlar olub.


Lakin mütəxəssislər açıqlanan məlumatlara şüphə ilə yanaşırlar. Avropada siyasi və iqtisadi risklər qalmaqdadır. Bununla yanaşı, Amerika Mərkəzi Bankının sərt monetar siyasəti də EUR/USD məzənnəsinə təsir edən əsas güclü amildir. Beləliklə, uzun müddətli perspektivdə cari tendensiya müvəqqəti qiymətləndirilir.


Avro 1.1541$-a kimi bahalaşdıqdan sonra 1.1509$-a kimi ucuzlaşıb və sözügedən səviyyənin altında qaldıqca, 1.1485 və 1.1449$-a kimi ucuzlaşa bilər. EUR/USD məzənnəsinin texniki mənzərəsinin təhlili zamanı qənaətə gəlinən nəticə odur ki, qiymət 1.16$-ın altında qaldıqca, bahalaşma müvəqqəti amillərlə qiymətləndirilir. 


Lirə yenidən dolların təsiri altında qala bilər. 

Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi 6.06TL-yə ticarət edilməkdədir və 6.20TL-ni yuxarı istiqamətdə qırarsa, 6.56TL-yə kimi bahalaşa bilər.


Qeyd etmək lazımdır ki, bu həftə Türkiyədə “Qurban Bayramı” münasibətilə yerli maliyyə bazarının işləməməsi, məzənnənin daha çox beynəlxalq valyuta birjalarında dolların təsiri altında formalaşmasına səbəb olacaqdır.