Avronun qiymətində bahalaşma

30 Yanvar 2018

Dünya valyuta birjalarında avronun qiyməti Almaniyadan gələn müsbət siyasi xəbərlər fonunda bahalaşmağa başlayıb.

Avronun qiymətində bahalaşma

EUR/USD məzənnəsi Avropa sessiyasında 1.2334$-a kimi ucuzlaşaraq, cari həftənin minimum səviyyələrini yenilədikdən sonra 1.2407$-a kimi bahalaşıb. Maliyyə bazarlarında bahalaşma Almaniyada yeni hökümətin qurulması istiqamətində partiyalar arasında yarana biləcək yeni birlik ilə bağlı yayılan xəbərlərlə əlaqələndirilir. 

Avronun qiyməti keçən həftə 1.25$-a kimi bahalaşaraq, son üç ilin maksimum səviyyəsini yenilədikdən sonra cümə günü ucuzlaşmağa başladı. Ucuzlaşma artım dalğası fonunda korrektiv tendensiya kimi qiymətləndirilirdi. Xüsusilə də, çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avropanın inflyasiya səviyyəsi ilə bağlı önəmli fundamental məlumatlar öncəsi investorların ehtiyatlı mövqe seçməkləri, ucuzlaşmaya səbəb oldu. Bu gün isə Almaniyada "CDU", "CSU" və "SPD" partiyaları arasında artıq bir aydır davam edən yeni birliyin qurulması danışıqları fonunda son günlər müzakirəsi gedən miqrantlar mövzusunda da razılaşmanın əldə edilməsi xəbəri yayılıb. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlana ÜDM ilə bağlı fundamental məlumatların təsiri də diqqət mərkəzində saxlanılmalıdır. Belə ki, Avrozonada illik iqtisadi inkişaf 2017-ci ildə 2.7% olub və Avropanın statistika mərkəzi ("EuroStat") 3-cü rüb üzrə illik göstəricini də 2.6%-i 2.8% ilə dəyişdirib.