Avropa: İqtisadi gözləntilər son 6 ilin minimumunda

13 Noyabr 2018

Avrozona iqtisadiyyatının gələcəyi ilə bağlı gözləntiləri ölçən əmsal, artıq 6-cı aydır zəifləyərək son 6 ilin minimum səviyyəsinə çatıb.

Avropa: İqtisadi gözləntilər son 6 ilin minimumunda

Avropa İqtisadiyyatının Araşdırılması Mərkəzinin (alm.: "ZEW") çərşənbə axşamı verdiyi məlumatlara əsasən, Avrozona iqtisadiyyatının gələcəyi ilə bağlı gözləntiləri ölçən əmsal, noyabr ayında sıfırın altında 22.0 punkta kimi azalıb. Analitiklər isə mənfi 19.4 punktdan mənfi 17.3 punkta kimi artım proqnozlaşdırırdılar. Beləliklə, göstərici 2012-ci ilin avqust ayından etibarən ən aşağı səviyyəyə düşüb. Göstərici maliyyə bazarları iştirakçıları tərəfindən diqqətlə izlənilir və 350 investor və analitiklər arasında aparılan sorğu əsasında hazırlanır.


"ZEW" indeksi 2016-ci ilin avqust ayında sıfırın üzərində inkişaf edərək, 2017-ci ilin may ayında 20.6 punkt ilə maksimum səviyyəyə çatmışdır. Bundan sonra azalmağa başlayan göstərici, 2018-ci ilin iyun ayından etibarən artıq 6-cı aydır sıfırın altında dərc edilir və son altı ilin minimum səviyyəsindədir. 2012-ci ilin iyul ayında göstərici  22.3 açıqlanmışdır. Bu, Avrozona iqtisadiyyatında böhranın dərinləşməsinə işarədir. 


Avrozonanın ən güclü iqtisadiyyatına sahib Almaniyada isə göstərici 24.1 punkt ilə artıq 8-ci aydır sıfırın altında açıqlanır. Oktyabr ayında indeks 24.7 ilə son 6 ilin minimum səviyyəsində dərc edilsə də noyabr ayında qismən artıb. Lakin göstəricinin sıfırın altında açıqlanması yenə də böhrana işarədir. 


Qeyd etmək lazımdır ki, sıfırın üzərində yayımlanan əmsal nikbinliyə, altında isə iqtisadi bədbinliyə dair işarədir. 


Dünya valyuta birjalarında EUR/USD məzənnəsi keçən həftənin ortalarından etibarən 2.5% ucuzlaşdıqdan sonra bu gün Avropa sessiyasında dalğalanma zəif olub. Bu, sabah Bakı vaxtı ilə saat 14:00 və 17:30-da müvafiq olaraq açıqlanacaq Avrozona və ABŞ ilə bağlı önəmli fundamental göstəricilər öncəsi investorların ehtiyatlı mövqeyləri ilə əlaqəli ola bilər.