Avropa: İqtisadi inkişaf 2.5%-dən 2.2%-ə düşüb

14 Avqust 2018

Avropada inkişaf dinamikasının 2.5%-dən 2.2%-ə düşməsi, avro/dollar məzənnəsinin 1.15$-ın altında ticarət edilməsinə əsaslar verir.

Avropa: İqtisadi inkişaf 2.5%-dən 2.2%-ə düşüb

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") çərşənbə axşamı yayımladığı statistik məlumatlarda, Avrozonada ÜDM-in 2018-ci ilin ikinci rübündə rüblük müqayisədə 0.4%, illik müqayisədə isə 2.2% artdığı göstərilib. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür.


ÜDM II rübdə Avrozonada daha da azalıb, ABŞ-da daha da artıb - Avroya təzyiq. 

EUR/USD məzənnəsi 1.14$-a ticarət edilməkdədir. Lakin nəzərə almaq lazımdır ki, ABŞ-da iqtisadi inkişaf səviyyəsi ikinci rübdə 4.1%-ə çatıb və bu, Avro/Dollar məzənnəsinə qarşı təzyiqləri də artıra bilər. Bununla yanaşı, Avropada anormal havaların davam etməsi və siyasi risklərin də artması, bu proqnozları daha da gücləndirir. 


İyul ayında inflyasiyanın artması, avqust və sentyabr aylarında da davam edərsə, Avrozonada ÜDM-in III rübdə artmasına səbəb ola bilər. 

Digər tərəfdən, inflyasiya ilə bağlı yeni göstəricilərdə illik istehlak qiymətləri indeksinin iyul ayında 2.1%, baza indeksinin isə 1.1%-ə yüksəldiyi göstərilir. Beləliklə, hər iki göstəricidə artımın açıqlanması, müsbət qiymətləndirilə bilər. Belə ki, üçüncü rübdə inflyasiyada dinamikanın artmasının, ikinci rüb üzrə iqtisadi inkişaf səviyyəsinin azalmasından sonra üçüncü rübdə yenidən güclənməsinə təsir edə bilər. Lakin iyul ayında inflyasiyada artımın üçüncü rübdə iqtisadiyyata da müsbət təsir edə bilməsi üçün bu səviyyələrdə möhkəmlənməsi vacibdir. 


Qeyd etmək lazımdır ki, Avrozonada iqtisadi inkişaf səviyyəsi illik müqayisədə birinci rübdə də 2.7%-dən 2.5%-ə kimi azalmışdır və EUR/USD məzənnəsi 1.26$-dan 1.15$-a kimi ucuzlaşmışdır.