Avropa və Türkiyə mərkəzi banklarının açıqlamaları

25 Oktyabr 2018

Bu gün AMB və TCMB-nin faiz qərarları və Mario Draqinin çıxışı dünya birjalarında dalğalanmanın artmasına təsir edə biləcəyi gözlənilir.

Avropa və Türkiyə mərkəzi banklarının açıqlamaları

Beynəlxalq valyuta birjalarında lirə və avronun məzənnələri bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə və saat 15:45-də Avropa mərkəzi bankları tərəfindən açıqlanacaq faiz qərarı öncəsi, müvafiq olaraq 3.7% və 0.3%-ə kimi bahalaşıb.


Lakin təhlillərə əsasən EUR/USD məzənnəsinin 1.13$-a kimi ucuzlaşa biləcəyi proqnozu daha güclüdür. USD/TRY məzənnəsi də yenidən 5.90TL-yə kimi bahalaşa bilər.


Beynəlxalq maliyyə bazarlarında Avropa Mərkəzi Bankı (AMB) tərəfindən faiz artımı gözlənilməsə də Türkiyə Mərkəzi Bankının (TCMB) qərarı fonunda gözləntilər sürprizlərə açıq vəziyyətdədir. 


AMB sonuncu açıqlamalarında ilk faiz artımına gedə biləcəyi vaxtının ən tez 2019-ci ilin yay ayları olacağını bildirmişdi. Bugünkü açıqlamalar isə daha çox bankın iqtisadi inkişaf və inflyasiya gözləntiləri baxımından önəmli olacaqdır. Burada avronun bahalaşmasına təsir edə biləcək hər hansı bir gözlənilməz açıqlama olmasa, avronun qiymətində ucuzlaşma daha da sürətlənə bilər. 


TCMB isə faiz artımına gedərsə, bu, USD/TRY məzənnəsinin qısa müddətli perspektivdə yeni minimumlarına kimi ucuzlaşmasına səbəb ola bilər. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, Türkiyədə işsizlik sonuncu dəfə 10.8% və inflyasiya 24.5%-ə yüksəlmişdir və sənaye sektorunda biznes aktivliyi və istehsal 1.1% azalmışdır. Belə bir vəziyyətdə Türkiyə bankının inflyasiyanın qarşısını almaq məqsədilə növbəti dəfə faiz artımına getməsi, vəziyyəti daha da çətinləşdirə bilər. Beləliklə, TCMB-nin iqtisadiyyata dəstək olması üçün alternativ olaraq hansı tədbirlər görəcəyi böyük maraqla gözlənilir. 


Bununla yanaşı, Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq AMB sədri Mario Draqinin çıxışı da investorların diqqət mərkəzindədir.