Avropada iqtisadi mənzərə, avro və funt

20 İyun 2018

Dünya valyuta birjalarında avro və funt sterlinq kimi önəmli valyutaların dollara nisbətən qiymətlərində sürətli ucuzlaşmaların şahidi oluruq.

Avropada iqtisadi mənzərə, avro və funt

Dünya valyuta birjalarında avronun qiyməti Avrozona ilə bağlı fundamental məlumatların zəif açıqlanması fonunda yenidən təzyiq altındadır. Bununla yanaşı, Avropa Mərkəzi Bankının da maliyyə yardımını dayandırması niyyəti bu təzyiqi gücləndirməkdədir. Beləliklə, 1.16$-ın altında ticarət edilən EUR/USD məzənnəsinin 1.14$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Funt sterlinq də ucuzlaşır. Hal-hazırda 1.32$-ın altında ticarət edilən GBP/USD məzənnəsi 1.30$-a kimi də dəyər itirə bilər.


Neftin qiymətində bahalaşma. 

Enerji bazarlarında isə Brent nefti “OPEC”-in cümə günü Vyana şəhərində baş tutacaq rəsmi toplantısı öncəsi dəyər qazanmaqdadır. Hal-hazırda 75$-ın üzərində təklif edilən bir barel üzrə qiymət 75.50$-ı da yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 77.40$-a kimi də dəyər qazana bilər.


Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 18:30-da açıqlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı fundamental məlumatlar da neft ilə ticarət edən investorların diqqət mərkəzindədir.


Qeyd etmək lazımdır ki, Avropa Mərkəzi Bankının sədri Mario Draqi Avropada sonuncu yüksək açıqlanan inflyasiya göstəricilərini bahalı neft qiymətləri ilə əlaqələndirmişdir. Bu, "OPEC"-in qərarından asılı olaraq, neft qiymətlərində müşahidə olunacaq gələcək dalğalanmanın da Avropa iqtisadiyyatına güclü təsirinə işarədir.