Avropada son vəziyyət

25 Sentyabr 2019

Avropa Mərkəzi Bank rəsmilərinin səsləndirdiyi fikirlər ilə bərabər yayımlanan fundamental məlumatlar dünya birjalarında ticarət aktivliyini artrıb.

Avropada son vəziyyət

Qlobal iqtisadiyyatın əsas gündəm mövzuları ticarət savaşları və Breksit müzakirələri ilə yanaşı, Avropa Mərkəzi Bank rəsmilərinin səsləndirdiyi fikirlərdir. İngiltərədə isə Ali Məhkəmə parlamentin tətilə buraxılması qərarını hüquqa zidd olduğunu qeyd edərək, hökümətin qəbul edilən qərarını ləğv etdi. 14 oktyabra kimi beş həftə tətilə buraxılan parlament, qərarın ləğv edilməsinin ardınca bu gün öz işini bərpa edəcəkdir. 

Çərşənbə axşamı Avropa Mərkəzi Bank rəsmilərinin, xüsusi ilə Fransa Mərkəzi Bankının rəhbəri, Avropa Mərkəzi Bankının idarə heyətinin üzvü Villeroy de Qalhau və Avropa Mərkəzi Bankının sədr müavini Luis də Guindosun fikirləri investorlar üçün maraqlı olub. Belə ki de Qalhau Avrozonada iqtisadi yavaşlamanın gözləniləndən daha uzun müddət davam edə biləcəyini deyib. 

Həftənin əvvəlində Almaniyadan açıqlanan mənfi sənayesi indeksi avronun dollar qarşısında dəyər itirməsi ilə nəticələndi. Çərşənbə axşamı isə Almaniyadan "Ifo" biznes mühiti indeksinin proqnozların üzərində açıqlanması, avronun qısa müddətdə yenidən bahalaşması il nəticələndi. Göstəricinin 94,3 punkt dərc edilməsi proqnoz olunsa da 94,6 punkt olaraq dərc edildi. Hazırda 1 avro 1,10 dollar olaraq mübadilə edilməkdədir. 

Eyni zamanda, çərşənbə axşamı ABŞ-dan istehlakçı inam indeksi son 3 ayın minumumlarında açıqlandı. Nəticədə dollar dünya maliyyə bazarlarında ucuzlaşmağa başladı.  Bu gün isə ABŞ-dan yeni mənzil satışları ilə bağlı məlumat dərc ediləcəkdir. Proqnozlar müsbət yöndədir. Bu özünü doğruldarsa, dollar bahalaş bilər.