Avropanın işgüzar mühitində zəifləmə davam edir

03 Sentyabr 2018

2018-ci ilin yanvar ayından etibarən Avropada zəifləməyə başlayan biznes mühiti indeksi, avqust ayında da tendensiyasını davam etdirir.

Avropanın işgüzar mühitində zəifləmə davam edir

"Markit Economics" araşdırma mərkəzinin bazar ertəsi açıqladığı məlumatlarda, Avrozonanın istehsal sektorunda biznes aktivliyini ölçən indeksin (ing.: "PMI") avqustda 55.1 punktdan 54.6 punkta kimi azaldığı göstərilib. Analitiklər birinci dəfə avqust ayında açıqlanan və sonra sentyabr ayında da ikinci dəfə açıqlanan göstəricilər üzrə dəyişiklik gözləmirdilər. 


Qeyd etmək lazımdır ki, göstərici 2018-ci ilin yanvar ayından etibarən azalaraq, artıq son açıqlanan rəqəmləri ilə 2016-ci ilin dekabr ayından etibarən ən aşağı səviyyəsinə çatıb. 2017-ci ilin dekabr ayında bu göstərici 60.6 punkt ilə son 10 ilin maksimum səviyyəsinə çatmışdır. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. 


Məlumatların açıqlanması EUR/USD məzənnəsinə böyük təsir etməyib. Avqust ayının 23-də ilkin göstərici açıqlanandan sonra o zaman avroda müşahidə edilən artım trendinin dinamikası zəifləməyə başlamışdı. Keçən həftədən etibarən isə avro yenidən 1.16$-a kimi 1%-dən çox ucuzlaşıb.