Avrozona: İnflyasiya 1.4%-ə düşdü

01 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən Avrozonanın inflyasiyasına dair fundamental göstəricilər mənfi açıqlanıb.

Avrozona: İnflyasiya 1.4%-ə düşdü

Avropanın statistika mərkəzi ("EuroStat") bazar ertəsi açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada inflyasiyanın birinci rübün üçüncü ayında azaldığı müşahidə edilib. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri mart ayında illik müqayisədə 1.4%, illik göstəricinin baza indeksi isə 0.8% artıb. Fevral ayında sözügedən göstəricilər müvafiq olaraq 1.5 və 1.0% olmuşdu. 


Mütəxəssislər isə inflyasiyanın 1.5%-də qalacağını, baza indeksinin isə yalnız 0.9%-ə kimi düşəcəyini proqnozlaşdırırdılar. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. 


Bununla yanaşı, işsizlik səviyyəsi fevral ayında 7.8% səviyyəsində möhkəmlənib, sənaye sektorunda işgüzar aktivliyi ölçən indeks 47.5 punkt ilə son beş ilin minimum səviyyəsinə düşüb. 


Qeyd etmək lazımdır ki, dünyada proteksionizmin, Breksit kimi siyasi risklərin artması və inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında müşahidə edilən böhran, dünya və Avrozona iqtisadiyyatına da mənfi təsir edir.