Avrozona: İnflyasiya 1.5%-ə yüksəldi

15 Mart 2019

Avrozonada inflyasiya son üç ay ərzində 2.2%-dən 1.4%-ə kimi azaldıqdan sonra 1.5%-ə kimi artmağa başlayıb, baza indeksi isə məyus edib.

Avrozona: İnflyasiya 1.5%-ə yüksəldi

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada inflyasiyanın birinci rübün ikinci ayında artdığı müşahidə edilib. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri fevral ayında illik müqayisədə 1.5%, illik göstəricinin baza indeksi isə 1.0% artıb. Yanvar ayında sözügedən göstəricilər müvafiq olaraq 1.4 və 1.1% olmuşdu. İllik göstəricinin artmasına səbəb, aylıq dinamikanın mənfi 1.0%-dən müsbət 0.3%-ə yüksəlməsi olub. 


Mütəxəssislər də inflyasiyanın 1.5%-ə kimi artacağını proqnozlaşdırsalar da baza indeksinin 1.0%-ə düşəcəyini ehtimal etmirdilər. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. 


Qeyd etmək lazımdır ki, dünyada proteksionizmin, Breksit kimi siyasi risklərin artması və inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında müşahidə edilən böhran, dünya və Avrozona iqtisadiyyatına da mənfi təsir edir.