Avrozona: Pərakəndə satış son 3 ilin minimumunda

05 Dekabr 2017

Avrozonada pərakəndə satış dövriyyəsi oktyabr ayında 1.1% azalıb. Bu, 2014-ci ilin oktybar ayından ən yüksək azalmadır.

Avrozona: Pərakəndə satış son 3 ilin minimumunda

Avropanın statistika mərkəzinin (ing.: EuroStat) çərşənbə axşamı verdiyi məlumata görə, Avrozonada pərakəndə satış dövriyyəsi oktyabr ayında aylıq müqayisədə 1.1% azalıb, bu isə illik artım dinamikasının 4.0%-dən 0.4%-ə kimi düşməsinə səbəb olub. Mütəxəssislər öz növbəsində aylıq müqayisədə yalnız 0.7%-lik azalma, illik müqayisədə 1.5%-lik artım proqnozlaşdırırdılar. 

Beləliklə, cari ilin sentyabr ayında 0.7%-lik artımın olması, oktyabr ayında azalmanın son 3 ilin ən yüksək səviyyəsinə çatmasının qarşısını ala bilməyib. İllik artım dinamikası da təqribən son 3 ilin minimum səviyyəsinə düşüb. 

Hesabatda dövriyyənin bütün sektorlar üzrə azaldığı göstərilib. Daha çox azalmas isə paltar və ayaqqabılarında satışında olub. 

Qeyd etmək lazımdır ki, foreks bazarlarında EUR/USD məzənnəsi son iki gündür ucuzlaşır. Bununla yanaşı, cümə günü ABŞ-dan açıqlanacaq əmək bazarı ilə bağlı statistik məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir. Yunanistan iqtisadiyyatı ilə bağlı mənfi statistik göstəricilərin də gələcəkdə məzənnəyə təsir edə biləcəyi ehtimal edilir.