Avrozonada inflyasiya 1.4%-ə kimi artıb

04 Aprel 2018

Avrozonada avronun son bir il ərzində iqtisadi inkişaf dinamikasının güclənməsi fonunda bahalaşmasına baxmayaraq, inflyasiya yenidən artıb.

Avrozonada inflyasiya 1.4%-ə kimi artıb

Avropanın statistika mərkəzi ("EuroStat") çərşənbə günü istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlar açıqlayıb. Məlumatlara əsasən, Avrozonada istehlak qiymətlərinin illik artım dinamikası mart ayında 1.4%-ə kimi yüksəlib. Baza indeksinin illik artım dinamikası isə 1.0% səviyyəsində möhkəmlənib. Mütəxəssislərin baza indeksi üzrə gözləntilərin məyus edici olması istisna olmaqla, digər proqnozlar özünü doğruldub. Belə ki, iqtisadçılar baza indeksinin də 1.1%-ə kimi yüksələ biləcəyini ehtimal edirdilər. 


Beləliklə, avronun bahalaşdığı bir dövrdə, inflyasiyada artım tendensiyası müsbət qiymətləndirilə bilər. Bu isə iqtisadi inkişafın dayanıqlığının daha da artmasından xəbər verir. AMB sədri Mario Draqi də sonuncu dəfə mətbuat konfransında Avropada bahalı avronun inflyasiyaya mənfi təsir etsə də, iqtisadi inkişafın möhkəmlənməsi və risklərin azalması haqqında danışmışdı. Artıq sonuncuların inflyasiyaya da müsbət təsir etdiyinin şahidi oluruq. İşsizlik səviyyəsində də fevral ayında 0.1%-lik azalma olub. Göstərici 8.6%-dən 8.5%-ə düşüb. 


Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsində güclü dalğalanma olmayıb və qiymət 1.23$-ın altında ticarət edilməkdir. Görünür, inflyasiyada artım bazar iştirakçıları tərəfindən zəif qiymətləndirilir və baza indeksində artımı da görmək istəyirlər.