Avrozonada inflyasiya 1.4% yox, 1.3% olub

18 Aprel 2018

Avronun 2017-ci il ərzində sürətlə bahalaşması, inflyasiyanın artım dinamikasına mənfi təsir etdiyinin şahidi oluruq, avro yenidən ucuzlaşa bilər.

Avrozonada inflyasiya 1.4% yox, 1.3% olub

Avropanın statistika mərkəzi ("EuroStat") çərşənbə günü istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlar açıqlayıb. Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri mart ayında aylıq müqayisədə 1.0% artaraq, illik artım dinamikasının 1.3%-ə kimi yüksəlməsinə təsir edib. Baza indeksinin illik artım dinamikası, öz növbəsində, 1.0% səviyyəsində möhkəmlənib. Mütəxəssislər isə inflyasiyanın 1.4%, baza indeksinin 1.1%-ə kimi yüksələ biləcəyini proqnozlaşdırırdılar. 


Beləliklə, avronun bahalaşdığı bir dövrdə, inflyasiyada artım tendensiyası müsbət qiymətləndirilsə də gözləntilərin altında açıqlanması investorları məyus edib. Digər tərəfdən inflyasiyada artım dinamikası zəif qiymətləndirilsə də, gələcək aylarda (aprel və may) bu artım davam edərsə, bu, güclü siqnal kimi qiymətləndirilə bilər. Əks təqdirdə, yəni gözləntilərin altında açıqlanan inflyasiya göstəriciləri gələcək aylar ərzində daha da zəifləyərsə, bu, Avrozona iqtisadiyyatı fonunda gözləntilərə də mənfi təsir edəcəkdir. 


Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi son bir həftədir təzyiq altındadır və 1.24$-ın altında ticarət edilir. Analitiklər vəziyyətin belə davam etməsi şəraitində avroda olan təzyiqlərin daha da güclənə və 1.22$-a kimi ucuzlaşa biləcəyini ehtimal edirlər. Ümumiyyətlə Avrozona iqtisadiyyatında cari ilin birinci rübündə müşahidə edilən zəifləmə, cari ilin ikinci rübündə də davam edəcək kimi görünür. Bu, inflyasiyanın gələcək aylarda da arta biləcəyi ehtimallarını da çətinləşdirir. 


Qeyd etmək lazımdır ki, bu gün açıqlanan göstəricilər mart ayı üzrə ikinci, yekun göstərici idi. İlkin hesablanmada isə göstərici 1.4% dərc edilmişdi və bu zaman belə avronun qiymətində bahalaşma müşahidə edilməmişdir. Aprel ayı üzrə Avrozonada iqtisadi əhval-ruhiyyəni ölçən "ZEW" kimi önəmli indekslərdə də zəifləmə dinamikası gözləntilərin altında müşahidə edilməkdir.