Avrozonada inflyasiya 1.4%-ə kimi azaldı

01 Fevral 2019

Dünyada siyasi və iqtisadi risklərin artması, Avrozonada inflyasiyanın da son üç ay ərzində 2.2%-dən 1.4%-ə kimi azalmasına mənfi təsir etməkdədir.

Avrozonada inflyasiya 1.4%-ə kimi azaldı

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada inflyasiyanın birinci rübün birinci ayında azaldığı müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri yanvar ayında illik müqayisədə 1.4%, illik göstəricinin baza indeksi isə 1.1% artıb. Bu gün dərc edilən göstəricilər birinci hesablanma idi. Mütəxəssislər də inflyasiyanın 1.4%-ə kimi azalacağını, baza indeksinin isə 1.0% səviyyəsində qalacağını proqnozlaşdırırdı. Dekabr ayında sözügedən göstəricilər müvafiq olaraq 1.6 və 1.0% olmuşdu. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. 


Qeyd etmək lazımdır ki, enerji bazarlarında müşahidə edilən neft qiymətlərinin ucuzlaşması tendensiyası, beləliklə inflyasiyanın da azalmasına təsir edib. Dünyada proteksionizmin artması, Breksit kimi siyasi risklər və inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında böhran dünya və Avrozona iqtisadiyyatına da mənfi təsir edir. Beləliklə, neftə olan tələb də azalır və neft qiymətləri də ucuzlaşır.