Avrozonada inflyasiya 1.6%-ə düşdü

17 Yanvar 2019

Dünyada siyasi və iqtisadi risklərin artması, Avrozonada inflyasiyanın da son iki ay ərzində 2.2%-dən 1.6%-ə kimi azalmasına mənfi təsir etməkdədir.

Avrozonada inflyasiya 1.6%-ə düşdü

Avropanın statistika mərkəzi ("EuroStat") cümə axşamı açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada inflyasiyanın dördüncü rübün üçüncü ayında azaldığı müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri dekabr ayında illik müqayisədə 1.6%, illik göstəricinin baza indeksi isə 1.0% artıb. Bu gün dərc edilən göstəricilər ikinci hesablanma idi. Birinci hesablanmada isə mütəxəssislər inflyasiyanın yalnız 1.8%-ə kimi azalacağını, baza indeksinin isə 1.0% səviyyəsində qalacağını proqnozlaşdırırdı. Noyabr ayında sözügedən göstəricilər müvafiq olaraq 1.9 və 1.0% olmuşdu. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. 


Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsində bahalaşma müşahidə edilir. Belə ki, məzənnə Avropa sessiyasında 1.1384$-a kimi ucuzlaşdıqdan sonra yenidən 1.1400$-a kimi bahalaşıb. 


Qeyd etmək lazımdır ki, enerji bazarlarında müşahidə edilən neft qiymətlərinin ucuzlaşması tendensiyası, beləliklə inflyasiyanın da azalmasına təsir edib. Dünyada proteksionizmin artması, Breksit kimi siyasi risklər və inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında böhran dünya və Avrozona iqtisadiyyatına da mənfi təsir edir. Beləliklə, neftə olan tələb də azalır və neft qiymətləri ucuzlaşır.