Avrozonada inflyasiya 2.0%-ə düşdü

17 Sentyabr 2018

Avropanın inflyasiya ilə bağlı yayımlanan önəmli fundamental məlumatları, avronun artım dalğası dinamikasının zəifləməsinə səbəb olub.

Avrozonada inflyasiya 2.0%-ə düşdü

Avropanın statistika mərkəzi ("EuroStat") bazar ertəsi açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda illik dinamikanın zəiflədiyi müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri avqust ayında illik müqayisədə 2.0%, illik göstəricinin baza indeksi isə 1.0% artıb. Mütəxəssislər öz növbəsində hər iki göstəricidə dəyişiklik gözləmirdilər. İyul ayında sözügedən göstəricilər 2.1 və 1.1% olmuşdu. Lakin inflyasiyada aylıq artım dinamikası proqnozlaşdırıldığı kimi mənfi 0.3%-dən müsbət 0.2%-ə yüksəlib. 


Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. Beləliklə, bu ilin mart ayından etibarən inflyasiya başlayan artım fonunda ikinci dəfə azalma müşahidə edilir. 


Məlumatların açıqlanması maliyyə bazarlarında güclü dalğalanmaya səbəb olmayıb. Bunun səbəbi EUR/USD məzənnəsində avqust ayında müşahidə edilən 1.17$-a kimi bahalaşmanın, avqust ayının 31-də açıqlanan zəif inflyasiya göstəriciləri ilə artıq zəifləməsidir. Bu gün dərc edilən inflyasiya ilə bağlı göstəricilər avqust ayında dərc edilən ilkin məlumatların ikinci hesablanmasıdır. Hər ay üzrə iki dəfə məlumat açıqlanır. Avro son iki həftədir 1.17-1.16$ aralığında dalğalanmaqdadır.