Avrozonada inflyasiya azalmağa başlayıb

29 Sentyabr 2017

Avrozonada inflyasiyanın baza indeksinin azalması, AMB-nin istiqraz alışı proqraımını dayandıra biləcəyi gözləntilərini zəiflədir.

Avrozonada inflyasiya azalmağa başlayıb

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") cümə günü verdiyi məlumata görə, Avrozonada orta illik istehlak qiymətləri indeksi sentyabr ayında 1.5% olub. Lakin orta illik baza indeksi 1.2%-dən 1.1%-ə düşüb. Analitiklər isə baza indeksində dəyişikliyin olacağını gözləmirdilər. 

Qeyd etmək lazımdır ki, istehlak qiymətlərinin baza indeksi enerji və ərzaq məhsulları istisna olmaqla hesablanır. Son aylar enerji bazarlarında neft qiymətlərinin bahalaşması, Avrozonada inflyasiyanın artmasına təsir edirdi, lakin baza indeksində dəyişiklik müşahidə edilmirdi. Məhz bu səbəbdən Avropa Mərkəzi Bankının (AMB) monetar siyasətini müəyyən edən komitə üzvləri, Avrozonada dayanıqlı qiymət artımı haqqında danışarkən, daha çox baza indeksinin önəmliyini vurğulayırlar. 

Avropanın Brent neftinin bir barel qiyməti sentyabr ayında 60$-a kimi 18% bahalaşmışdır. EUR/USD məzənnəsi isə cari həftə ərzində 1.1717$-a kimi 2.4% ucuzlaşıb. Avrozonada inflyasiyanın baza indeksinin azalması, AMB-nin istiqraz alışı proqraımını dayandıra biləcəyi gözləntilərini zəiflədir və bu, avroya olan təzyiqləri də artırır. Beləliklə, oktyabr ayı üzrə inflyasiya göstərici də investorların diqqət mərkəzindədir və oktyabr ayının 31-i açıqlanacaq.