Avrozonada inflyasiya azalmaqda davam edir: 1.2%

03 May 2018

Avronun keçən il ərzində sürətli bahalaşmasının, inflyasiyaya mənfi təsirləri artmaqdadır və gələcəyə dair iqtisadi riskləri də gücləndirir.

Avrozonada inflyasiya azalmaqda davam edir: 1.2%

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlar açıqlayıb. Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri aprel ayında illik müqayisədə 1.2% artıb. Lakin inflyasiyanın baza indeksində azalma daha ciddidir. Belə ki, istehklak qiymətlərinin baza göstəricisi təqribən son 3 ilin minimum səviyyəsinə - 0.7%-ə kimi azalıb. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar volatil qiymətləri ilə fərqlənir. 


Məlumatların açıqlanmasından sonra avronun qiymətlərində ciddi dəyişiklik müşahidə edilməyib. Bu, son bir ay ərzində avronun qiymətində ciddi dəyər itkisinin olması ilə əlaqədardır. Maliyyə bazarlarında mütəxəssislər inflyasiyada dəyişiklik gözləmirdilər və baza indeksinin yalnız 0.9%-ə düşə biləcəyini proqnozlaşdırırdılar. 


Qeyd etmək lazımdır ki, bu gün açıqlanan göstəricilər aprel ayı üzrə birinci hesablanma idi və yekun göstəricilərin may ayının 16-da yayımlanması gözlənilir. Artıq ard-arda ikinci ay ərzində azalmanın olması, gələcəkdə inflyasiyanın yenidən arta biləcəyi gözləntilərini də azaldır və böhranın dərinləşə biləcəyi ehtimallarını gücləndirir.