Avrozonada inflyasiya daha da artdı

31 Oktyabr 2018

Avrozonada inflyasiyanın 2%-in üzərində artmasının avronun qiymətlərində bahalaşmaya təsirinin uzunmüddətli ola biləcəyinə dair gözləntilər zəifdir.

Avrozonada inflyasiya daha da artdı

Avropanın statistika mərkəzi ("EuroStat") çərşənbə günü açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada inflyasiyanın dördüncü rübün ilk ayında artdığı müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri oktyabr ayında illik müqayisədə 2.2%, illik göstəricinin baza indeksi isə 1.1% artıb. Mütəxəssislər isə müvafiq olaraq 2.1 və 1.0%-lik artım proqnozlaşdırırdılar. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. Sentyabr ayında sözügedən göstəricilər 2.1 və 0.9% olmuşdu. 


Məlumatların açıqlanması maliyyə bazarlarında avronun son günlər müşahidə edilən eniş dalğasının sürətinin zəifləməsinə səbəb olub. Hal-hazırda EUR/USD məzənnəsi 1.13$-ın üzərində ticarət edilməkdədir. 


Qeyd etmək lazımdır ki, Avrozonada inflyasiyanın artması, neft qiymətlərinin bahalaşması ilə əlaqədar ola bilər. Avrozonada kredit dövriyyəsinin illik artım dinamikasının sentyabr ayında 3.0%-dən 3.1%-ə yüksəlməsinə baxmayaraq, pul kütləsinin illik artım dinamikasının 4.0%-dən 3.5%-ə düşməsi göstərilib. Bu, iqtisadiyyatdakı dayanıqlı inflyasiyanın artımı haqqında şübhələrə imkan yaratması ilə bərabər, AMB-nin uçot faiz dərəcələrinin daha tez artıra bilməyəcəyinə işarədir. AMB-nin sonuncu açıqlamalarında ilk faiz artımının 2019-ci ilin yay-yaz aylarında ola biləcəyi vurğulanıb. 


Avrozonanın iqtisadi inkişaf səviyyəsi ilə bağlı sonuncu statistik məlumatlarda da dinamikanın gözləniləndən çox azalması göstərilib. Belə ki, ÜDM-də rüblük artım üçüncü rübdə 1.7%-ə düşüb.