Avrozonada inflyasiya fevralda 1.1% olub

16 Mart 2018

Avrozonada inflyasiya gözlənildiyi kimi son bir ilin minimum səviyyəsinə düşüb. Lakin baza indeksi 1.0% səviyyəsində möhkəmlənib - EUR/USD bahalaşır.

Avrozonada inflyasiya fevralda 1.1% olub

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlar açıqlayıb. Məlumatlara əsasən, Avrozonada istehlak qiymətlərinin illik artım dinamikası fevral ayında 1.1%-ə kimi 0.2% azalıb. Baza indeksinin illik artım dinamikası isə 1.0% səviyyəsində möhkəmlənib. Mütəxəssislərin baza indeksi üzrə proqnozları özünü doğrultsa da, illik artım dinamikasının yalnız 1.2%-ə kimi azalması gözlənilirdi. 


Beləliklə, ümumi inflyasiya göstəricisi azalsa da, baza indeksi ilə aradakı fərq də azalıb. Bu isə iqtisadi inkişafın dayanıqlığının qismən artmasından xəbər verir. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar volatil qiymətləri ilə fərqlənir. AMB sədri Mario Draqi də sonuncu dəfə mətbuat konfransında Avropada bahalı avronun inflyasiyaya mənfi təsir etsə də, iqtisadi inkişafın möhkəmlənməsi və risklərin azalması haqqında danışmışdı. Belə bir vəziyyət sonuncu dəfə yanvar ayı üzrə göstəricilərdə müşahidə edilmişdir və avro 1.25$-a ticarət edilirdi. Bununla yanaşı, aylıq müqayisədə istehlak qiymətləri 0.2% artıb və bu göstərici yanvar ayında 0.9% azalma ilə açıqlanmışdır. 


Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi bahalaşmağa başlayıb. Hal-hazırda məzənnə 1.2335$-ın üzərində ticarət edilir. 


Buna baxmayaraq, göstəricilərin proqnozlara uyğun açıqlanması, avronun gələcək trendinin təhlili üçün əlavə fundamental məlumatların açıqlanmasını labüd edir, çünki bazarlarda inflyasiyada azalmanın əvvəlcədən gözlənilməsi fonunda avro 1.24$-ın üzərində möhkəmlənə bilmir.