Avropanın statistika mərkəzi ("EuroStat") çərşənbə günü istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlar açıqlayıb. Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri aprel ayında illik müqayisədə 1.2%, aylıq müqayisədə isə 0.3% artıb. Lakin inflyasiyanın baza indeksində azalma daha ciddidir. Belə ki, istehklak qiymətlərinin baza göstəricisi təqribən son 3 ilin minimum səviyyəsinə - 0.7%-ə kimi azalıb. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir.
Məlumatların açıqlanmasından sonra avronun ucuzlaşması daha da sürətləni. Artıq EUR/USD məzənnəsi aprel ayından etibarən 1.1782$-a kimi 5% ucuzlaşıb. Maliyyə bazarlarında mütəxəssislər inflyasiyanın 1.3% səviyyəsində qalacağını və baza indeksinin yalnız 0.9%-ə düşə biləcəyini proqnozlaşdırırdılar.
Qeyd etmək lazımdır ki, artıq ard-arda ikinci ay ərzində azalmanın olması, gələcəkdə inflyasiyanın daha da azala biləcəyinə, kredit dövriyyəsinin zəifləyəcəyinə və böhranın dərinləşə biləcəyi işarədir.