Avrozonada inflyasiya son 9 ayın minimumunda

22 Fevral 2019

Dünyada siyasi və iqtisadi risklərin artması, Avrozonada inflyasiyanın da son üç ay ərzində 2.2%-dən 1.4%-ə kimi azalmasına mənfi təsir edib.

Avrozonada inflyasiya son 9 ayın minimumunda

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada inflyasiyanın birinci rübün birinci ayında azaldığı müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri yanvar ayında illik müqayisədə 1.4%, illik göstəricinin baza indeksi isə 1.1% artıb. Aylıq müqayisədə isə qiymətlər 1.0% azalıb. Mütəxəssislər də inflyasiyanın 1.4%-ə kimi azalacağını, baza indeksinin isə 1.0% səviyyəsində qalacağını proqnozlaşdırırdılar. Dekabr ayında sözügedən göstəricilər müvafiq olaraq 1.6 və 0.9% olmuşdu. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. 


Qeyd etmək lazımdır ki, dünyada proteksionizmin artması, Breksit kimi siyasi risklər və inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında böhran dünya və Avrozona iqtisadiyyatına da mənfi təsir edir.