Avrozonada inflyasiya yenidən 1.5%-ə yüksəldi

01 Mart 2019

Avrozonada inflyasiya son üç ay ərzində 2.2%-dən 1.4%-ə kimi azaldıqdan sonra yenidən 1.5%-ə kimi artmağa başlayıb, baza indeksi isə məyus edib.

Avrozonada inflyasiya yenidən 1.5%-ə yüksəldi

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada inflyasiyanın birinci rübün ikinci ayında artdığı müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri fevral ayında illik müqayisədə 1.5%, illik göstəricinin baza indeksi isə 1.0% artıb. Mütəxəssislər də inflyasiyanın 1.5%-ə kimi artacağını proqnozlaşdırsalar da baza indeksinin 1.0%-ə düşəcəyini ehtimal etmirdilər. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. 


Yanvar ayında sözügedən göstəricilər müvafiq olaraq 1.4 və 1.1% olmuşdu. 


Qeyd etmək lazımdır ki, dünyada proteksionizmin artması, Breksit kimi siyasi risklər və inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında böhran dünya və Avrozona iqtisadiyyatına da mənfi təsir edir.