Avrozonada inflyasiya yenidən 2.1%-ə yüksəldi

17 Oktyabr 2018

Avrozonada inflyasiyanın yenidən 2%-in üzərində artması, avronun eniş dalğası dinamikasının zəifləməsinə və yenidən bahalaşmasına səbəb olub.

Avrozonada inflyasiya yenidən 2.1%-ə yüksəldi

Avropanın statistika mərkəzi ("EuroStat") çərşənbə günü açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avropa Mərkəzi Bank sədri Mario Draqinin sonuncu dəfə vurğuladığı kimi illik dinamikanın gücləndiyi müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri sentyabr ayında aylıq müqayisədə 0.5% artmaqla, illik müqayisədə 2.1%, illik göstəricinin baza indeksi isə 0.9% artıb. Mütəxəssislər öz növbəsində, illik müqayisədə artım proqnozlaşdırsalar da baza indeksində illik artım dinamikasının zəifləməsi birinci hesablamada gözlənilməz olmuşdur. Belə ki, baza indeksinin 1.1% yayımlanacağı ehtimal edilirdi. Bu gün dərc edilən ikinci hesablamada baza indeksində azalma bir daha öz təsdiqini tapıb. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. Avqust ayında sözügedən göstəricilər 2.0 və 1.0% olmuşdu. 


Məlumatların açıqlanması maliyyə bazarlarında güclü dalğalanmaya təsir edib. EUR/USD məzənnəsi 1.1560$-ın üzərində möhkəmlənib. İlkin hesablamada məzənnə 1.1616$-dan 1.1569$-a kimi ucuzlaşmasına baxmayaraq, getdikcə eniş dalğasının dinamikası zəifləyib və avro son iki həftdədir bahalaşır. Bunun səbəbi AMB sədri Mario Draqinin sözlərinin özünü doğrultması olub. Bank sədrinin inflyasiyanın əsas göstəricisinin daha sürətlə artacağı, baza indeksində isə dinamikanın geri qalacağı fikirlərinin artıq özünü doğrultması, prosesin gələcəkdə də davam edəcəyinə işarədir. Bu, AMB-nin faiz artımına gedə biləcəyi ehtimallarını artırmaqla, avronun da bahalaşmasına təsir edir. 


Qeyd etmək lazımdır ki, Avrozonada inflyasiyanın artması, neft qiymətlərinin bahalaşması ilə əlaqədar ola bilər.