Avrozonada inflyasiya yenidən artır

28 Sentyabr 2018

Avrozonada inflyasiyanın 2%-in üzərində artması, avronun qiymətlərinə təzyiqləri artıra bilər. Artıq cümə günü avro 1%-ə kimi ucuzlaşıb.

Avrozonada inflyasiya yenidən artır

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avropa Mərkəzi Bank sədri Mario Draqinin sonuncu dəfə vurğuladığı kimi illik dinamikanın gücləndiyi müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri sentyabr ayında illik müqayisədə 2.1%, illik göstəricinin baza indeksi isə 0.9% artıb. Mütəxəssislər öz növbəsində, illik müqayisədə artım proqnozlaşdırsalar da baza indeksində illik artım dinamikasının zəifləməsi gözlənilməz olub. Belə ki, baza indeksinin 1.1% yayımlanacağı ehtimal edilirdi. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. Avqust ayında sözügedən göstəricilər 2.0 və 1.0% olmuşdu. 


Məlumatların açıqlanması maliyyə bazarlarında güclü dalğalanmaya təsir edib. EUR/USD məzənnəsi artıq 1.16$-a kimi 0.7% ucuzlaşıb. Bunun səbəbi AMB sədri Mario Draqinin sözlərinin özünü doğrultması olub. Bank sədrinin inflyasiyanın əsas göstəricisinin daha sürətlə artacağı, baza indeksində isə dinamikanın geri qalacağı fikirlərinin artıq özünü doğrultması, prosesin gələcəkdə də davam edəcəyinə işarədir. İqtisadiyyatda inflyasiyanın sürətlə artması, valyutanın da ucuzlaşmasına gətirir. 


Qeyd etmək lazımdır ki, Avrozonada inflyasiyanın artması, neft qiymətlərinin bahalaşması ilə əlaqədar ola bilər. Digər tərəfdən cümə axşamı açıqlanan əlavə göstəricilərdə Avrozonada kredit dövriyyəsinin illik artım dinamikasının 3.0%-dən 3.1%-ə yüksəməsinə baxmayaraq, pul kütləsinin illik artım dinamikasının 4.0%-dən 3.5%-ə düşməsi göstərilib. Bu, AMB-nin uçot faiz dərəcələrinin inflyasiyanın bankın iki faizlik hədəfinin üzərində artmasına baxmayaraq, artıra bilməyəcəyinə işarədir.