Avrozonada inflyasiya yenidən azala bilər

16 Noyabr 2018

Avrozonada inflyasiyanın 2%-in üzərində artmasının avronun ucuzlaşması dinamikasını zəiflətsə də, inflyasiyanın yenidən azala biləcəyi proqnozlaşdırılır.

Avrozonada inflyasiya yenidən azala bilər

Avropanın statistika mərkəzi ("EuroStat") cümə günü açıqladığı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlarda Avrozonada inflyasiyanın dördüncü rübün ilk ayında artdığı müşahidə edilir. 


Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri oktyabr ayında illik müqayisədə 2.2%, illik göstəricinin baza indeksi isə 1.1% artıb. Mütəxəssislər isə birinci hesablanmada müvafiq olaraq 2.1 və 1.0%-lik artım proqnozlaşdırırdılar. Sentyabr ayında sözügedən göstəricilər 2.1 və 0.9% olmuşdu. Aylıq müqayisədə isə göstərici 0.5%-dən 0.2%-ə düşüb. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. 


Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.1315$-a kimi 0.5% ucuzlaşıb. 


Qeyd etmək lazımdır ki, Avrozonada inflyasiyanın artması, neft qiymətlərinin bahalaşması ilə əlaqələndirilirdi. Lakin son günlər enerji bazarlarında da müşahidə edilən neft qiymətlərinin ucuzlaşması tendensiyası, inflyasiyanın da gələcəkdə azala biləcəyinə işarədir. 


Bununla yanaş, Avrozonanın iqtisadi inkişaf səviyyəsi ilə bağlı sonuncu statistik məlumatlarda da dinamikanın gözləniləndən çox azalması göstərilib. Belə ki, ÜDM-də rüblük artım üçüncü rübdə 1.7%-ə düşüb.