Avrozonada inflyasiyanın baza indeksi 1% oldu

31 Yanvar 2018

Dünya birjalarında avronun bahalaşmasının əsasında dayanan, fundamental amillər özünü göstərməyə başlayıb.

Avrozonada inflyasiyanın baza indeksi 1% oldu

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") çərşənbə günü açıqladığı statistik məlumatlara görə, Avrozonada inflyasiyanın illik artım dinamikası yanvar ayında 1.4%-dən 1.3%-ə düşüb. Analitiklər də azalma proqnozlaşdırırdılar. Lakin baza indeksinin illik artım dinamikasında 1.0%-lik gözləntilər özünü doğruldub. Baza indeksində 1.0%-lik illik artım dekabr ayında da gözlənilirdisə, keçən ay bu göstərici 0.9% açıqlanmışdır. 

Beləliklə, ümumi inflyasiya göstəricisi azalsa da, baza indeksi ilə aradakı fərqin də azalması, iqtisadi inkişafın dayanıqlığından xəbər verir. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar volatil qiymətləri ilə fərqlənir. AMB sədri Mario Draqi də sonuncu dəfə mətbuat konfransında Avropada iqtisadi inkişafın möhkəmlənməsi və risklərin azalması haqqında danışmışdı. Dünya valyuta birjalarında da avronun qiyməti son bir həftə ərzində 1.25%-a kimi bahalaşaraq, son 3 ilin maksimum səviyyəsini yeniləyib. 

Qeyd etmək lazımdır ki, baza indeksi üzrə təqribən son 5 ilin maksimum səviyyəsi 1.2%-dir. Bununla yanaşı, bu gün yanvar ayı üzrə açıqlanan göstəricilər ilkin hesablanma idi, yekun hesablanmanın isə fevral ayının 23-də yayımlanması gözlənilir.