Avrozonada iqtisadiyyat 2.6% böyüyüb

07 Dekabr 2017

Avrozonada iqtisadi inkişaf göstəricilərinin yayımlanmasından sonra EUR/USD məzənnəsi daha da ucuzlaşıb.

Avrozonada iqtisadiyyat 2.6% böyüyüb

Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") cümə axşamı yayımladığı statistik məlumatlarda, Avrozonada ÜDM-in cari ilin üçüncü rübündə 0.6%, illik müqayisədə isə 2.6% artıdığı göstərilib. Analitiklər rüblük müqayisədə 0.6% gözləsələr də, illik müqayisədə yalnız 2.5%-lik inkişaf proqnozlaşdırırdılar. İkinci rübdə bu göstəricilər müvafiq olaraq, 0.6% və 2.1% olmuşdur. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür. 

Bununla yanaşı, hesabatda ÜDM-də müşahidə olunan artımın, istehlak xərclərinin və özəl investisiyaların artımı hesabına baş verdiyi açıqlanıb. Belə ki, əhali istehlakı iyul və sentyabr ayları ərzində 0.3%, investisiyalar isə 1.1% artıb. Bunlarla müqayisədə zəif olsa da, xarici ticarətdə də artım iqtisadi inkişafın sürətlənməsinə təsir edib. 

Ən çox rüblük artım Malta (1.9%), Latviya (1.5%) və Sloveniyada (1.0%), ən az inkişaf Litva, Belçika və Estoniyda müşahidə edilib. Avropanın ən böyük iqtisadiyyatı Almaniyada artım 0.8% olub. 

Məlumatların açıqlanmasından sonra son bir həftə ərzində 1.1780$-a kimi 1.3% ucuzlaşan, EUR/USD məzənnəsinə qarşı təzyiqlər daha artıb. Müqayisə üçün nəzərə almaq lazımdır ki, ABŞ-da rüblük inkişaf iyul-sentyabr ayları ərzində 3.3% olmuşdur. Bu, ikinci hesablanmanın nəticəsidir və yekun göstərici dekabr ayının 21-də açıqlanacaqdır. 

Qeyd etmək lazımdır ki, Avropa Mərkəzi Bankının vitse sədri Vitor Kostancio bazar ertəsi son dövrlər Avrozonada müşahidə edilən iqtisadi canlanmanın, əminlik yaratmamalı olduğu xəbərdarlığını etmiş və inflyasiyanın hələ də çox zəif olduğunu xatırlatmışdır. Sonuncu inflyasiya göstəricisinin isə dekabr ayının 18-də yayımlanması gözlənilir.