Avrozonada işgüzar mühit zəifləyib

24 Yanvar 2019

Avrozona iqtisadiyyatında işgüzar mühitin ölçən göstəricinin zəifləməsi, beynəlxalq valyuta birjalarında avronun 0.3% ucuzlaşmasına səbəb olub.

Avrozonada işgüzar mühit zəifləyib

Avrozona iqtisadiyyatında biznes aktivliyini ölçən indeks (ing.: "PMI") yanvar ayında da azalaraq, 50.7 punkt ilə 2013-cü ilin sentyabr ayından sonra ən aşağı səviyyəyə düşüb. Göstərici gələcəyə dair gözləntiləri ölçmək üçün önəmli hesab edilir. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. 


Xidmət sektoru üzrə indeks 50.8 punkta kimi 0.4, sənaye sektorunda isə göstərici 50.5 punkta kimi 0.9 punkt azalıb. 


Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.1346$-a kimi 0.3% ucuzlaşıb. Avroda ucuzlaşmanı sürətləndirən əsas amil Almaniya üzrə göstəricilərin 50 punktun altında yayımlanması olub.