Avrozonada işsizlik son 9 ilin minimum səviyyəsində

02 İyul 2018

Avrozonanın əmək bazarında vəziyyət yaxşılaşmaqda davam edir. Lakin digər tərəfdən Avropada siyasi və iqtisadi risklər avroya mənfi təsir etməkdədir.

Avrozonada işsizlik son 9 ilin minimum səviyyəsində

Avropanın "Avrostat" ("EuroStat") statistika mərkəzinin bazar axşamı verdiyi məlumata görə, 19 dövlətin üzv olduğu Avrozonada işsizlik səviyyəsi may ayında 8.5%-dən 8.4%-ə kimi azalıb. Analitiklər isə dəyişiklik gözləmirdilər. Beləliklə, Avrozonada işsizlik son 9 ilin minimum səviyyəsinə düşüb. 2009-ci ilin yanvar ayında 8.2%, ferval ayında isə 8.7% olub. 


Məlumatların gözləntilərə uyğun müsbət açıqlanması, avroya güclü təsir etməyib. EUR/USD məzənnəsi hal-hazırda 1.16-1.17$ aralığında ticarət edilməkdədir. Bu, Avrozonada iqtisadi inkişaf dinamikasının zəifləməsi ilə əlaqədardır. Bununla yanaşı, Avropada miqrant probleminin həll olunmaması və ABŞ ilə ticarət əlaqələri fonunda gərginliyin artması avroya mənfi təsir etməkdədir. 


Qeyd etmək lazımdır ki, dünya maliyyə böhranından sonra Avrozonada işsizlik 7.1%-dən 12.2%-ə kimi artmışdır. 2013-cü ilin sentyabr ayından etibarən isə əmək qabiliyyətli olan, lakin iş tapa bilməyənlərin sayı azalmaqdadır.