Avrozonanın sənaye istehsalında güclü artım

12 Oktyabr 2018

Avrozonada sənaye istehsalının gözləniləndən daha sürətlə artması, Avro/Dollar məzənnəsinin daha da bahalaşa biləcəyinə təsir edə bilər.

Avrozonanın sənaye istehsalında güclü artım

Avropanın statistika mərkəzinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, Avrozonada sənayə istehsalı avqust ayında 1.0% artıb və illik artım dinamikasının da 0.9%-ə yüksəlməsinə səbəb olub. Analitiklər aylıq müqayisədə yalnız 0.4%-lik artım, illik müqayisədə isə 0.2%-lik azalma proqnozlaşdırırdılar. 


Daha diqqət çəkici məqam isə aylıq artım dinamikasının cari ilin ikinci ən yüksək səviyyəsinə çatması olub. May ayında istehsalda artım 1.4% ilə ən yüksək səviyyəsinə çatmışdır. 


Beynəlxalq valyuta birjalarında məlumatlar EUR/USD məzənnəsinin qısa müddət ərzində 1.1580$-ın üzərində möhkəmlənməsinə səbəb olsa da, məzənnə yenidən günün əvvəlində başlatdığı eniş dalğasına davam edib. 


Qeyd etmək lazımdır ki, sentyabr ayında inflyasiya yüksələrək, 2.1%-ə çatmışdır. Avropa Mərkəzi Bankının sədri Mario Draqi də inflyasiyanın artacağını bildirmişdir. Avrozonada sənaye sektorunda istehsalın artması məhsullara olan tələbin artmasına və beləliklə inflyasiyanın baza indeksinin də arta biləcəyinə işarədir. Bu isə öz növbəsində AMB-nin monetar siyasətini sərtləşdirə biləcəyi və avronun bahalaşa biləcəyi ehtimallarını gücləndirir.