Avrozonanın sənaye və xidmət sektorlarında zəifləmə

24 Oktyabr 2018

Valyuta birjalarında Avrozona iqtisadiyyatı ilə bağlı göstəricilərin gözləntilərdən zəif açıqlanması, avronun eniş dalğasının sürətlənməsinə təsir edib.

Avrozonanın sənaye və xidmət sektorlarında zəifləmə

"Markit Economics" araşdırma mərkəzinin çərşənbə günü açıqladığı məlumatlarda, Avrozonanın istehsal sektorunda biznes aktivliyini ölçən indeksin (ing.: "PMI") oktyabrda 53.2 punktdan 52.1 punkta kimi azaldığı göstərilib. Bu, son iki ilin minimum səviyyəsidir. 


Xidmət sektoru üzrə aktivliyi ölçən indeks isə cari ay ərzində 54.7 punktdan 53.3 punkta kimi azalmaqla, 2016-ci ilin dekabr ayından bugünə kimi ən aşağı səviyyəyə düşüb. 


Analitiklər hər iki göstərici üzrə müvafiq olaraq yalnız 53.0 və 54.5 punkta kimi azalma proqnozlaşdırırdılar. 


Qeyd etmək lazımdır ki, göstəricilər 2018-ci ilin yanvar ayından etibarən azalmaqda davam edirlər. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. 


Məlumatların açıqlanması EUR/USD məzənnəsinin ucuzlaşmasına təsir etməklə, 1.1420 önəmli dəstək səviyyəsini qırıb və artıq son iki ayın minimum səviyyəsində - 1.1402$ - ticarət edilir.


Bununla yanaşı, Avropa Birliyi komissiyasının İtaliyanın 2019-ci il üzrə yeni büdcə siyasətini qəbul etməməsi də avroya mənfi təsir edən amillər arasındadır. Gün ərzində isə ABŞ-ın ilkin mənzil bazarı ilə bağlı fundamental məlumatlar və Amerika Mərkəzi Bankının (FED) regionlar üzrə iqtisadi hesabatının açıqlanması da investorların diqqət mərkəzindədir və məzənnəyə güclü təsir edəcəyi gözlənilir.