"BoE": Yüksək inflyasiyaya qarşı tədbirlər davam edəcək

08 Fevral 2018

Mark Karneyin mətbuat konfransında növbəti faiz artımı ilə bağlı siqnallar verməsi, funtun 1.40$-dan çox bahalaşmasına təsir edib.

"BoE": Yüksək inflyasiyaya qarşı tədbirlər davam edəcək

İngiltərə Mərkəzi Bankı (ing.: "BoE") ölkədə inflyasiyanın yüksək olmasına baxmayaraq, yumşaq pul-kredit siyasətinə davam etməkdədir. Bununla yanaşı, bank inflyasiyanın azalacağını gözləmədiyi üçün növbəti faiz artımı ilə bağlı siqnallar da verib. Uçot faiz dərəcəsi dəyişdirilməyərək, 0.50% səviyyəsində saxlanılıb. "BoE"-nin cümə axşamı açıqlanan faiz qərarını maliyyə bazarlarında da eyni gözləyirdilər və qərar bank üzvləri tərəfindən yekdilliklə qəbul edilib. İstiqraz alışı proqramının həcmi də dəyişdirilməyib. 


Bank noyabr ayında on illik fasilədən sonra ilk dəfə olaraq, uçot faiz dərəcəsini 0.25%-dən 0.50%-ə yüksəldib. Bu gün isə İngiltərədə inflyasiyanın bu gün üç faiz olması, nösbəti faiz artımı gözləntilərini gücləndirir, digər tərəfdən isə  iqtisadiyyat zədələnib. Belə ki, 2017-ci ildə iqtisadiyyatın artım dinamikası son beş ilin ən zəif səviyyəsindədir. Bunun səbəbi investorların "BREXIT" qeyri-müəyyənliyi fonunda passiv olmalarıdır. İstehlak aktivliyinin azalması da burada önəmli rol oynayır. 


"BoE"-ın açıqlamasına əsasən, uçot faiz dərəcələri daha tez artırıla bilər. Bank sədri Karney isə mətbuat konfransında inflyasiyanın yenidən iki faizlik səviyyəyə çatdırılmasının önəmliliyindən danışıb. Lakin növbəti faiz artımının vaxtı iqtisadi göstəricilərdən asılı olacaqdır. 2016-ci ildə "BREXIT" referendumundan sonra 1.15$-a kimi sürətlə ucuzlaşan funt sterlinq idxal olunan məhsulların qiymətlərinin artmasına səbəb oldu ki, bu da öz növbəsində inflyasiyanın iki faizlik hədəfdən çox artmasına təsir etdi. 


Maliyyə bazarlarında mart ayının sonunda faiz artımı gözləntiləri aşağı olsa da, may ayı üzrə gözləntilər 70%-ə çatır. Açıqlamalardan sonra GBP/USD məzənnəsi bahalaşaraq, 1.40$-ın üzərində ticarət edilməkdədir və on illik istiqrazların gəlirlilikləri isə 2016-ci ilin aprel ayından ən yüksək səviyyəyə çatıb.